“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilə yaxın, təhlükədən uzaq” layihəsi çərçivəsində İsmayıllı rayonunda konfrans təşkil edib.
Konfrans 24 iyun 2026-cı il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin, təhsil və mədəniyyət müəssisələrinin, Polis Şöbəsinin əməkdaşları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və valideynlər iştirak ediblər.
Tədbirin əsas məqsədi 25-26 may 2026-cı il tarixlərində İsmayıllı rayonunda uşaqların təhsildən yayındırılması, məcburi əməyə cəlb edilməsi və dilənçiliyə məcbur edilməsi halları ilə bağlı aparılmış monitorinqin nəticələrinin müzakirəsi olub.
Layihə rəhbəri Gülayə Səfərova çıxış edərək bildirib ki, monitorinq zamanı 18 yaşına çatmayan uşaqların küçə ticarətində, kənd təsərrüfatı, tikinti və digər sahələrdə valideynləri və yaxın qohumları tərəfindən işlədilməsi, eləcə də dilənçiliyə cəlb olunması hallarına rast gəlinməyib.
Lakin dərsə getməyərək küçələrdə və parklarda vaxt keçirən çoxlu uşaqlar müşahidə olunub. Həmin uşaqlar və onların valideynləri ilə profilaktik söhbətlər aparılıb.
Gülayə Səfərova monitorinq zamanı qeydə alınmış foto görüntüləri də konfrans iştirakçılarına təqdim edib.
Müzakirələr zamanı İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı Şahin Süleymanov təhsildən yayınan uşaqlarla bağlı polis şöbəsində ciddi iş aparıldığını qeyd edib. O bildirib ki, həmin uşaqlar və valideynləri ilə profilaktik söhbətlər keçirilir, həmçinin məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına məktublar göndərilir.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Teymur Əzizli, mərkəzin əməkdaşı Nilufər Mursalıyeva, 8 saylı məktəbin müəllimləri Aytən Əliyeva və Bəxtiyar Qurbanov da müzakirələrdə çıxış ediblər.
Çıxışlarda bildirilib ki, uşaqların təhsildən yayınması yalnız onların şəxsi gələcəyinə deyil, ümumilikdə cəmiyyətin inkişafına da mənfi təsir göstərir.
Bu cür halların qarşısının alınması üçün kompleks tədbirlərin görülməsi, maarifləndirmə işinin gücləndirilməsi və ailələrlə davamlı profilaktik işlərin aparılması vacibdir.









