Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı birgə bəyannamə Cənubi Qafqaz diplomatiyasında yeni bir mərhələnin başlanğıcı hesab olunur. Sənədin ən diqqətçəkən hissələrindən biri, ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanması barədə iki ölkənin xarici işlər nazirlərinin təşkilata ünvanladığı birgə müraciətdir.
Bu addım, uzun illər Ermənistan–Azərbaycan münaqişəsinin əsas beynəlxalq vasitəçilik platforması olan Minsk qrupunun formal olaraq ləğvini gündəmə gətirir.
Ləğv prosesi texniki və hüquqi baxımdan necə reallaşacaq? ATƏT-in bütün iştirakçı dövlətlərinin razılığı tələb olunduğu halda, həmsədrlərdən və ya üzv ölkələrdən biri bu qərara qarşı çıxarsa, necə bir yanaşma tətbiq edilə bilər?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan və Ermənistan liderlərinin Minsk qrupunun ləğvi barədə birgə müraciətinə həmsədrlərin də qoşulması mümkündür:
“Gözlər Rusiyadadır. Amma Kreml çətin vəziyyətdədir, çünki Ukraynada ABŞ-la anlaşmağa çalışır. Belə bir vəziyyətdə Vaşinqton məhz Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etdi. Əgər Rusiya etiraz edərsə, prosesə mane olan dövlət hesab ediləcək. ABŞ kimi nəhəng bir ölkə buna razılıq veribsə, Moskva etiraz etməyəcək. Çünki yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında da görüş gözlənilir. Ona görə də proses müsbət istiqamətdə davam edəcək.
Məhəmməd Əsədullazadə
Ümumiyyətlə, münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan bəyan edir ki, qarşıdurma başa çatıb və barışıq əldə olunub. Hansı dövlət deyə bilər ki, yox, barışmamısınız, münaqişə davam edir və Minsk qrupu fəaliyyətini davam etdirməlidir? Bunu edəcək lider yalnız reallıq hissini itirmiş ola bilər. Kreml istəsə bunu edə bilər. Çünki onların aydın siyasi gündəmi və reallıqları düzgün qiymətləndirmə qabiliyyəti yoxdur. Sadəcə, burada ABŞ faktoru var, digər tərəfdən Rusiya da əvvəlki gücündə deyil, zəifləyib, nəticə olaraq etiraz edə bilməyəcək. Artıq geosiyasi reallıqlar dəyişib və proseslər müsbətə doğru irəliləyir”.