Rusiyanın “xarici düşmən” axtarışının səbəbi: Qazaxıstandan sonra Azərbaycan...


“SSRİ-nin son illərində ittifaqın dağılma prosesi hər gün sürətlə dərinləşirdi, mərkəzi hökumət (Moskva) isə çıxış yolu kimi müttəfiq respublikaların paytaxtlarına qoşun yeritməkdə görürdü. Hökumət bununla ona ümid edirdi ki, “kənar düşmən faktoru” rus cəmiyyətini daxildən birləşdirəcək. Amma proseslər gözlənilənin tam əksi ilə nəticələndi”.

Turkustan.az xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspert bildirib ki, 1990-ci ilin yanvarında Bakıda Sovet ordusunun əliyalın insanlara qarşı törətdiyi qətliamın digər respublikalarda yaratdığı hiddət atmosferi fonunda artan etirazlar çökməkdə olan imperiyanın sonunu daha da yaxınlaşdırdı:

“O gündən cəmi 11 ay sonra SSRİ çökdü. Son üç ildə Ukraynada aparılan müharibədən gözlənti yenə eyni idi: “kənar düşmən faktoru rus cəmiyyətini daxildən birləşdirəcək”.

Hökumət ideoloji boşluq içində oriyentasiyasını itirmiş cəmiyyəti “Kiyev - Rus mədəniyyətinə sahib çıxırıq” bəhanəsi ilə birləşdirmək istəyirdi. Həmçinin dərinə kök atmış məmur-oliqarx sistemini yeni qənimətlərlə həvəsləndirmək üçün nəticəsi ilk gündən qeyri-müəyyən olan müharibəyə başladılar. Bir az da eyni ilin əvvəlində - yanvarda Qazaxıstanda “asan qələbə”dən motivasiya almışdılar.

2022-ci ilin yanvarında Qazaxıstana soxulan Rusiyanın 98-ci və 31-ci hava-desant diviziyaları, 45-ci hava-desant briqadası, Xüsusi Təyinatlı Qüvvələrin 3-cü və 24-cü briqadaları, 414-ci dəniz batalyonu, 15-ci Xüsusi Təyinatlı “Senej” qrupları ölkəni faktiki işğal edərək, bir neçə saatlıq “hərbi hökumət” qurdu və ölkənin resurslarını ələ keçirdilər. Bu hərbi müdaxilənin mərkəzində Qazaxıstanın mineral-xammal kompleksində aparıcı yerlərdən birini tutan Pavlodar vilayəti dururdu”.

Y.Hacıyeva qeyd edib ki, Mərkəzi Asiyanın ən böyük su hövzəsindən biri olan İrtış çayının sahilində yerləşən Pavlodarın bərk faydalı qazıntı ehtiyatının ümumi dəyəri 460 milyard dollar həcmində qiymətləndirilir:

“Qazaxıstan dünyada uran ehtiyatlarına görə ikinci yerdə, yanacaq uran istehsalında isə dünya lideridir. 2020-ci ildə dünyada uran tədarükünün 41 faizi Qazaxıstanın payına düşür, ölkənin uran ehtiyatları isə təqribən 1,2 milyon ton olması elan edilir. Bu paya görə dünyanın ikinci ən böyük uran ehtiyatı deməkdir. Rusiyanın 2022-ci ildə yerli “rus dünyası”nı qorumaq üçün Qazaxıstanın şimalına müdaxilə etməsinin səbəbi də məhz bu resurslar idi.

Ukraynada üç ildir davam edən qeyri- müəyyən müharibə Rusiya daxilində bir neçə subyektdə etnik, bir neçəsində isə idarəetmə zəminində böhran yaradıb. Hökumət isə Azərbaycan və azərbaycanlılara nifrət üzərindən bütün bunlardan diqqəti yayındırmaq siyasəti yürüdür”./teleqraf


MANŞET XƏBƏRLƏRİ