“Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının İnkişaf Perspektivləri”nə həsr olunmuş layihə start götürdü


"Davamlı İnkişafa Doğru" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” adlı layihənin icrasına başlamışdır.

QHT.az xəbər verir ki, layihə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin sosial-iqtisadi inkişafı, bərpası və dayanıqlı gələcəyi ilə bağlı əhalinin, xüsusilə sahibkarlıq subyektlərinin maarifləndirilməsi və onların bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mövcud potensialını, dövlətin həyata keçirdiyi strateji layihələri və bu bölgələrin bərpa və inkişafında vətəndaş cəmiyyətinin rolunu geniş ictimaiyyətə çatdırmaqdır. Bu məqsədlə bölgədə müxtəlif araşdırmalar, təlimlər, maarifləndirici tədbirlər, yerli və mərkəzi ekspertlərin iştirakı ilə ictimai müzakirələr və media resursları vasitəsilə geniş məlumatlandırma fəaliyyəti həyata keçiriləcək.

Layihə çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur:

  • Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi potensialının təhlili;
  • Regionlarda mövcud və planlaşdırılan infrastruktur layihələrinin ictimaiyyətə tanıdılması;
  • Layihənin davamlılığını təmin etmək üçün “Öz Biznesini qur” adlı internet səhifənin yaradılması,
  • 5 nəfər sahibkara quracaqları biznesə marketinq dəstəyinin (loqoların hazırlanması, sosial media hesablarının qurulması) göstərilməsi
  • 3 nəfər seçilmiş sahibkarın dövlət tərəfindən keçiriləcək sərgi-satış yarmarkalarında iştirakının təmin edilməsi
  • Seçilmiş sahibkarlara a) “Biznes quruculuğu, Biznes Planın hazırlanması, Biznes strategiyalar və Marketinq strategiyaları” və b) “Biznesdə Strateji və Rəqəmsal Marketinq: SMM” mövzularında təlimlərin həyata keçirilməsi
  • Media və sosial şəbəkələrdə maarifləndirici materialların paylaşılması;
  • Vətəndaş cəmiyyəti institutlarının rolunun gücləndirilməsi və töhfələrinin stimullaşdırılması.

"Davamlı İnkişafa Doğru" İctimai Birliyinin sədri layihə barədə bildirib: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu layihə vasitəsilə biz həm ictimai məlumatlılığı artırmaq, həm də regionun bərpası prosesinə vətəndaş cəmiyyətinin fəal iştirakını təmin etməyə çalışırıq.”

Layihənin icrası 2025-ci il 30 sentyabr tarixinədək davam edəcək və ölkənin sosial-iqtisadi inkişafına töhfə verəcək önəmli nəticələrin əldə olunması gözlənilir.


MANŞET XƏBƏRLƏRİ