“Oğlan və qız məktəblərinin ayrı olmasının əleyhinəyəm. Çünki bizdə oğlan-qız, kişi-qadın münasibətləri çox ciddi şəkildə tənəzzülə uğrayır. Belə bir məqsəd varsa da, məktəblər olmasa belə, ilkin olaraq eksperimental siniflər yaratmaq mümkündür. Yoxlamaq lazımdır ki, nə nəticə verəcək, yaxud hansı məqsədlə edilir. Ancaq bundan sonra oğlan və qızlar üçün ayrı məktəblərə keçmək olar. Münasibətlər təkcə məktəb sahəsində tənəzzülə uğramır. Ailələrə baxın. Artıq uşaqların xeyli hissəsi bilmir ki, bacısı, yaxud qardaşı varmı? Gələcəkdə bu hal daha çox olacaq. Bacı bilmir ki, qardaş necə olur? Əmi, dayı, xala, bibinin nə olduğunu bilməyən uşaqlar var. Çünki ailələrdə övladların sayı azalır və praktiki olaraq uşaqlar da bunu hiss etmirlər”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
O bildirib ki, ailə münasibətləri ilə yanaşı, cəmiyyət içində qadın-kişi münasibətlərində hər kəs özünü tarazlayır, cəmiyyətin ahəngdar inkişafı olur: “Sovet dövründə oxumuşuq və siniflərdə oğlanlarla qızlar bir yerdə olub. Ancaq milyon dəfə bundan az cinayətkarlıq, əxlaqsızlıq var idi. Bu onunla bağlı deyil ki, oğlanlarla qızlar bir sinifdə oxuyanda əxlaqsızlıq, cinayət artır. Əksinə, biz görmüşük ki, oğlanlar yuxarı siniflərdə qızların xoşuna gəlmək üçün daha yaxşı oxuyublar. İndiki kimi daha yaxşı veyillənməyiblər. Bu, ictimai sistemdir. İctimai sistemdə həyat əxlaqlı, elmli olmağa stimullaşdırılarsa, onda oğlan-qız münasibətləri də normal olar, daha yaxşı inkişaf edə bilər".