Xəzərin üzərindən Bakının mərkəzinə körpü salınır? - RƏSMİ AÇIQLAMA


Son günlər sosial şəbəkələrdə Bakının mərkəzində tıxacın qarşısını almaq məqsədilə körpü inşa ediləcəyi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, bu layihə paytaxtın avtomobil yükünü azaltmaq məqsədi daşıyır.

Turkustan.az-ın məlumatına görə, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, komitəyə belə bir təklif daxil olmayıb.

Qeyd edək ki, Bakı şəhərinin Baş Planında da belə bir layihə nəzərdə tutulmayıb. Nəzərə çatdıraq ki, Dövlət başçısının göstərişinə əsasən, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Baş Planı hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq 30 dekabr 2023-cü il tarixində Nazirlər Kabinetinin 504 nömrəli Qərarı ilə təsdiq edilib. Yerli və xarici mütəxəssislər qrupu tərəfindən hazırlanan sənəddə 2040-cı ilədək paytaxtımızda görüləcək iri miqyaslı işlər, şəhərin gələcək inkişaf perspektivləri, yaradılacaq yeni infrastruktur, salınacaq parklar və s. barədə məlumatlar öz əksini tapıb. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ