Azərbaycan-Ermənistan liderləri Sülh Masasında: Sabah tarixi an yaşanacaq? - ŞƏRH


İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında planlaşdırılan görüş baş tutacaq.

Prezidentin rəsmi saytında yer alan məlumata görə, bu görüş regional sülh və təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunacaq və sülh sazişinin imzalanması istiqamətində vacib addım kimi qiymətləndirilir.

Bu görüş doğrudanmı sülh sazişinə doğru atılan real addımdır? Ermənistan nəhayət Azərbaycanın haqlı tələblərini qəbul edəcək? Turkustan.az olaraq bu suallarımızı politoloq Əli Zülfüqaroğluna ünvanladıq.

Xalq cəbhəsiƏli Zülfüqaroğlu

Son dövrlər Ermənistan tərəfindən sülh sazişi ilə bağlı müsbət bəyanatlar səslənir. Lakin real və davamlı sülhün təmin olunması üçün Azərbaycanın haqlı və beynəlxalq hüquqa əsaslanan tələbləri yerinə yetirilməlidir. Bu xüsusda ilk növbədə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalı, həmçinin ATƏT-in Minsk Qrupu rəsmən ləğv olunmalıdır. Təəssüf ki, Ermənistan hələ də bu məsələlərdə konkret addımlar atmaqdan yayınır və prosesi uzatmağa çalışır.

Hər nə qədər bəzi istiqamətlərdə müsbət açıqlamalar verilsə də, real əməli addımlar müşahidə olunmur. Buna görə də hesab edirəm ki, sülh sazişinin imzalanması üçün Ermənistan bu şərtləri mütləq şəkildə yerinə yetirməlidir. Əks halda, Ermənistan üçün ciddi siyasi və regional nəticələr ortaya çıxa bilər ki, bu reallığı oradakı hakimiyyət də anlayır. Mövcud vəziyyət göstərir ki, Azərbaycanın irəli sürdüyü şərtlərin qəbul edilməsi labüddür.

Liderlər arasında keçiriləcək növbəti görüş bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu görüş sülh danışıqlarının irəliləməsinə təkan verə bilər. Azərbaycanın danışıqlar prosesinə fəal və prinsipial yanaşması da bunu təsdiqləyir. İndiyədək Ermənistan prosesi yubadıb, lakin artıq onun manevr imkanları xeyli məhdudlaşıb. Bu isə onu göstərir ki, danışıqların davamı və liderlər səviyyəsində təmaslar bölgədə sülhə doğru atılan mühüm addım kimi qiymətləndirilə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ