İrəvan rusiyalı təbliğatçı Vladimir Solovyovun Ermənistanda xüsusi hərbi əməliyyatın mümkünlüyü barədə fikirlərinə cavab verib.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyan danışıb.
O, “manyak Solovyov”un Ermənistanın dövlət mükafatından məhrum edilməsini təklif edib:
“Şərəf” ordeni Ermənistanın dövlət mükafatıdır və 2002-ci ilin avqust ayında “Şərəf” ordeni haqqında Ermənistan Respublikası Qanunu ilə təsis edilib. 2013-cü ilin dekabr ayında rusiyalı televiziya jurnalisti Vladimir Solovyov Ermənistan və Rusiya xalqları arasında dostluğun qurulması və inkişafına, eləcə də ölkələrimiz arasında sülhün möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli töhfəyə görə “Şərəf” ordeni ilə təltif edilib. Bu günlərdə o, “Ermənistanı itirməyin qarşısını almaq üçün” Ukraynaya qarşı başlatdıqları kimi, ölkəmizə qarşı da hərbi hücumun başlanmasını tələb edir. Ukraynanın işğalının nəticələri bunlardır: yüzlərlə yaşayış məntəqəsi yer üzündən silindi, milyonlarla insan evlərini itirdi, onilliklər ərzində çirklənmiş təbiət, öldürülmüş uşaqlar, yüz minlərlə insanın öldürülməsi, milyonlarla insanın əlil olması, çiçəklənən bir ölkənin cəhənnəmə çevrilməsi. “Ermənistana daim sevgi və hörmətini ifadə edən” Solovyov da eyni şeyi “sevimli ölkəsi”nə etməyi təklif edir. Nə edə bilərik? Ən azı çox sadə bir addım: Ermənistanda qüvvədə olan prosedura uyğun olaraq, bu manyakı “Şərəf” ordenindən məhrum etmək. Ermənistanı və erməni xalqını müntəzəm olaraq təhdid edən, ölkəmizə fəlakət arzulayan və ümumiyyətlə insana nifrət edən bir dəli Ermənistanın ən yüksək mükafatlarından birinə layiq ola bilməz. Bu bizim ayıbımızdır”.
Qeyd edək ki, Kremlin təbliğatçı Solovyov Ermənistanda və Orta Asiyada xüsusi hərbi əməliyyata çağırış edib. /axar.az/