Şamaxıdakı ardıcıl zəlzələlərin təhlükəli sonluğu ola bilərmi?


Yerli vaxtla saat 03:07-də Şamaxı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb. Xatırladaq ki, yanvarın 10-da Şamaxıda 3.8 maqnitudalı zəlzələ baş vermişdi.

Bəs görəsən, Şamaxıda baş verən ardıcıl zəlzələlərin təhlükəli sonluğu ola bilərmi?

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq, seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Oxu.Az-a danışıb.

Şamaxıdakı ardıcıl zəlzələlərin təhlükəli sonluğu ola bilərmi?

Seysmoloq bildirib ki, 4 maqnitudaya qədər olan zəlzələlər əsasən titrəklər hesab olunur:

"3-4 maqnitudalı bu hadisələr titrəklərdir. Onlar əsasən cihazlar vasitəsilə qeydə alınır, lakin bəzi hallarda insanlar da bu sirkələnməni hiss edə bilərlər. Bu cür təkanlar normal seysmik proseslərə aiddir və hazırda xüsusi narahatlıq üçün əsas yoxdur".

Ekspertin sözlərinə görə, dünyada baş verən zəif zəlzələlər, o cümlədən bəzən forşok xarakterli hesab edilən təkanlar iki cür qiymətləndirilir:

"Bəzi tədqiqatçılar hesab edirlər ki, bu cür xırda zəlzələlər yerin enerjisinin bir hissəsini boşaldır və gələcəkdə daha güclü zəlzələlərin qarşısını ala bilər. Digər yanaşmaya görə isə, onlar xəbərdarlıq xarakteri daşıya və böyük zəlzələnin yaxınlaşdığını göstərə bilər. Hansı ssenarinin baş verəcəyini isə yalnız konkret elmi tədqiqatlar deməyə imkan verir".

Seysmoloq qeyd edib ki, Azərbaycan, xüsusilə də Şamaxı rayonu seysmik baxımdan aktiv zonada yerləşir və bu baxımdan bölgədə zəlzələlərin baş verməsi istisna deyil:

"Hazırda müşahidə olunan titrəklərin təhlükəli olub-olmadığını qəti şəkildə demək çətindir. Titrəklərin davam etməsi hələlik ciddi təhlükə anlamına gəlmir. Lakin zəlzələlərin dəqiq vaxtını və gücünü əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil".

Ənvər Əliyevin sözlərinə görə, belə hallarda əhalinin təşvişə düşməsinə əsas yoxdur, lakin seysmik təhlükəsizlik qaydalarına əməl olunması vacibdir:

"Əsas məsələ maarifləndirmə və hazırlıqdır. Binaların seysmik dayanıqlığı, tikinti normalarına əməl olunması və insanların fövqəladə vəziyyət zamanı necə davranmalı olduqlarını bilməsi riskləri minimuma endirə bilər".


MANŞET XƏBƏRLƏRİ