Rusiya Dövlət Dumasının sədr müavini, vaxtaşırı özünün neo- nasist çıxışları ilə gündəmə gələn Pyotr Tolstoy bu dəfə Yekaterinburq hadisələri ilə bağlı növbəti hiddətli çıxışı ilə özünü gündəmə gətirib. Pyotr Tolstoy Azərbaycan XİN- in bəyanatına münasibət bildirərkən şübhəli şəxslərin saxlanılması zamanı Azərbaycan əsilli Rusiya vətəndaşlarının öldürülməsinə özünəməxsus şəkildə haq qazandırıb. Onun düşüncəsinə görə, öldürülmüş Səfərov qardaşları Rusiya vətəndaşları olduğuna görə bu hadisə ilə bağlı Azərbaycanın Rusiyaya qarşı ultimatumla çıxış etməsi qəbulediməzdir. Üstəlik, Səfərov qardaşlarından birinin guya evlərinə polis gələrkən yaşadığı stress nəticəsində ürək tutmasından öldüyünü və ikinci qardaşın isə ölüm səbəbinin hələlik müəyyən edilmədiyini və araşdırıldığını bildirib.
Belə çıxır ki, guya Pyotr Tolstoyun Rusiya telekanallarında və sosial şəbəkələrdə yayımlanan məhkəmə şousundan xəbəri yoxdur və müttəhim kürsüsündə əyləşdirilmiş və aldığı fiziki xəsarətlər ucbatından sifəti bilinməyən Azərbaycan əsilli vətəndaşın göstərildiyi süjetləri izləməyib.
120 milyonluq bir ölkədə Dövət Dumasının sədr müavini vəzifəsini daşıyan bir ksenofobun utanmadan yalan danışması və Azərbaycanın tələbinin əslində nədən ibarət olduğu ilə bağlı özünü bilməməzliyə vurması isə Rusiya dövlətinə və Pyotr Tolstoyun parlamentdə təmsil etdiyi rus xalqına utanc gətirməlidir. O yaxşı bilir ki, Azərbaycan heç də iddia olunan “cinayət işinin” araşdırılmasına etiraz etmir. Azərbaycanın tələbi hansısa cinayət əməlini araşdırmaq adı altında hüquq- mühafizə orqanının törətdiyi daha böyük cinayət əməlinin araşdırılmasından ibarətdir. Bu tələbi guya Azərbaycanın Rusiyanın daxili işlərinə qarışması kimi təqdim etməyə çalışan Pyotr Tolstoy əsəblərini gizlədə bilməyərək “… bu bizim daxili işimizdir, özümüz bilərik’ deyir. Deyəsən Pyotrun dünyagörüşü nə az, nə çox, cəmi bir- iki əsr geridə qalıb. Xeyr, cənab Tolstoy. Bu sizin daxili işiniz ola bilməz. Bəşəriyyət XXI əsrdə yaşayır. Hələ keçən əsrdən başlayaraq İnsan hüquqları bir ölkənin daxili işi olmaqdan çıxıb və bu universal bir məsələdir. Onları qorumaq isə parlamentində yüksək vəzifə tutduğunuz Rusiyanın dünya qarşısında və o cümlədən, dünyanın tamhüquqlu dövlətlərindən biri kimi həm də Azərbaycan qarşısındakı öhdəliyidir. Beynəlxalq öhdəlik isə elə bir məsələdir ki, onu yerinə yetirməyəndə İrana və ya Şimali Koreyaya çevrilə bilərsən. İçində sənin də bulunduğun Rusiya siyasi rəhbərliyinin təcavüzkar davranışı bir daha göstərir ki, İranın, Rusiyanın və Şimali Koreyanın “Şər üçbucağı”adlandırılması heç də əbəs deyil.
Unutmayın ki, Xeyirlə Şərin mübarizəsində məğlub olan tərəf həmişə Şər olur. Qarabağdakı məğlubiyyətiniz bu həqiqətin dərs çıxarmalı olduğunuz parlaq bir təzahürüdür. Bu günkü Rusiya esteblişmentinin qeyri-adekvat davranışı yenə də onu ağır bir məğlubiyyətə sürükləyir. Pyotr Tolstoy kimilərinin demarşları isə bu məğlubiyyəti bir az da yaxınlaşdıracaq.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı