Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu


May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına təsir edən və əhəmiyyətli resurs olan iqlimin müdafiəsində cəmiyyətin həssas münasibətini tənzimləmək, dünyanın dayanıqlı inkişafı prosesində iqlim dəyişmələri ilə mübarizəyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.

İqlimin qorunması hazırda bəşəriyyət qarşısında duran qlobal problemlərdən biridir. Qlobal istiləşmə, atmosfer qatında artan ozonun miqdarı, təbii fəlakətlər, planetin hava şəraitinin dəyişməsi - bunlar hamısı Yer kürəsinin iqliminin mənfi istiqamətə dəyişməsinə səbəb olur. Nəticədə insanların ərzaq, həyati və mülki təhlükəsizliyi sual altında qalır, təbii resursların vəziyyətinə və dövlətlərin dayanıqlı inkişafına mənfi təsir göstərir.

Çağdaş dövrdə qlobal iqlim dəyişikliklərini önləmək, habelə insanların sağlam həyat şəraitini təmin etmək kimi qlobal çağırışlar beynəlxalq münasibətlər sistemində özünə geniş yer qazanıb. Bu gün bütün dünya Qlobal iqlim dəyişikliyi ilə bağlı mühüm addımlar atır.

Azərbaycan bir neçə ildir ki, Qlobal İqlim dəyişikliyi ilə bağlı geniş qapsamlı lahiyələr həyata keçirir. Məhz bu layihələrin nəticəsində Azərbaycanda hər il böyük meşə əraziləri salınır.

Yer kürəsinin iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını almaq üçün 1994-cü il martında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) qüvvəyə minib. Azərbaycan bu Konvensiyaya 1995-ci ildə qoşulub. Bu günədək Konvensiya 198 ölkə tərəfindən ratifikasiya olunub. 2015-ci ildə qəbul edilmiş Paris Sazişi isə Konvensiya Tərəflərindən sənayələşmə ilə müqayisədə qlobal istiləşmənin səviyyəsinin normada saxlanılmasına səylər göstərilməsini hədəfləyir.

Ötən il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 Azərbaycanda keçirildi. Konfransın keçirilməsi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl" iqtisadiyyata keçid strategiyasının məntiqi davamı oldu.

Yaşıl planet, dayanıqlı iqlim, sağlam gələcək üçün əhəmiyyətli töhfələr verən Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımız fəal şəkildə inkişaf etdirilir.

Qlobal enerji resursları bazarında Azərbaycanın müstəsna mövqeyi gələcəkdə ənənəvi enerji növləri ilə yanaşı yaşıl enerji növlərinin də Avropa bazarlarına çıxarılması dünya enerji bazarında Azərbaycanın əhəmiyyətini dəfələrlə artıracaq. Ölkə rəhbərinin ardıcıl səyləri nəticəsində Azərbaycan bu məqsədlə lazımi potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan bir çox şirkətlərlə yaxın əməkdaşlıq edir. Avropa Birliyi ilə Xəzər-Avropa İttifaqı enerji dəhlizinin yaradılmasını özündə ehtiva edən müqavilə də sözügedən istiqamətdə fəal işlərin aparıldığını göstərməkdədir. Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırmasına yönələn fəaliyyət, bərpaolunan enerji mənbələri istiqamətində texniki-iqtisadi əsaslandırmalar; bütün bunların hamısı Azərbaycan tərəfindən müasir dövrün tələblərini nəzərə alan və qloballaşma dövrünün çağırışlarına adekvat cavab verməyə hazır olan iqlim və yeni enerji strategiyasının tətbiq olunduğunu göstərir.

Beynəlxalq iqlim siyasətinə əhəmiyyətli təsiri olan ölkəmizə xas bu uğurlar vaxtilə əsası Heydər Əliyev tərəfindən qoyulmuş milli enerji siyasətinin İlham Əliyev tərəfindən yaradıcılıqla və uğurla davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan xalqının, cəmiyyətinin sağlam rifah halının artırılmasına xidmət edir. Bu uğurları təmin edən əsas amillər isə milli maraqlarımızın qorunması istiqamətində ölkə başçısının dönməz siyasi iradəsi və cəmiyyətimizin bu siyasətə verdiyi yekdil dəstəkdir. Ölkəmizdə və bütün dünyada iqlimin, təbiətin, ətraf mühitin qorunması və digər istiqamətlərdə qarşıdakı böyük hədəflərə nail olmağın ən uğurlu yolu isə məhz sabitlik və həmrəylikdir.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı


MANŞET XƏBƏRLƏRİ