Səudiyyə Ərəbistanından maraqlı mesaj: Donald Trampın Bakıdan nə istədiyi məlum oldu


Donald Trampın ABŞ prezidenti seçiləndən sonra ilk xarici səfərini Səudiyyə Ərəbistanına etməsi tərəflər üçün uğurlu oldu. Bu səfər ABŞ Prezidentinin Səudiyyə Ərəbistanı ilə strateji müttəfiqliyə verdiyi əhəmiyyətdən irəli gəlirdi.

Turkustan.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Donald Tramp Səudiyyə Ərəbistanında çox mühüm sazişlər imzalayıb:

“Səudiyyə Ərəbistanı ABŞ-yə 600 milyar dollarlıq investisiya yatıracaq, bu məbləğin 1 trilyon dollara qədər artırılacağı proqnozlaşdırılır. Paytaxt Ər-Riyadda tarixin ən böyük hərbi əməkdaşlıq sazişi də imzalandı. Səudiyyə ABŞ-dən 142 milyard dollar həcmində hərbi texnika alacaq, bu sahədə ortaq layihələr reallaşdırılacaq.

ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri yalnız ticarət və hərbi sazişlərlə yekunlaşmır. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Trampla görüşü zamanı regional sülh və əməkdaşlıq üçün çox mühüm addım atılıb. Tramp bin Salmanın təklifi ilə Ər-Riyadda Suriya administrasiyasının rəhbəri Əhməd Şaraa ilə görüşüb. Tramp görüşdə ABŞ-nin Suriyaya sanksiyaları ləğv edəcəyini açıqlayıb. Bu, Suriya və bölgə ölkələri üçün çox vacib qərardır. Çünki ABŞ-nin Suriyaya tətbiq etdiyi sanskiyalar bu ölkənin iqtisadi problemlərinin həllinə mane olur”.

Mərkəzin ekspertləri hesab edirlər ki, sanksiyaların ləğvindən sonra Səudiyyə, Türkiyə və digər ölkələr Suriyaya yatırımlarını artıracaq:

“Bu, Suriya xalqı üçün vacibdir. Suriyada hakimiyyət dəyişikliyindən sonra əsas məsələ suriyalıların iqtisadi-sosial problemlərinin həllidir. Bu mənada, Məhəmməd bin Salmanın Trampı Suriyaya qarşı sanksiyaların ləğvinə inandırması bölgə üçün faydalıdır.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün də Suriyada fəaliyyət göstərməsi və neft-qaz layihələrində itşirakı üçün yeni imkanlar yaranıb. Suriyada neft-qazın istismarı məqsədilə şirkətlərin konsorsiumlar yaratması mümkündür”.

Analizdə Azərbaycanla bağlı başqa bir maraqlı məqama da diqqət çəkilir:

“ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Azərbaycan yaxın zamanda İbrahim sazişlərinə qoşula biləcək ölkələr sırasındadır. Uitkoff bunun Donald Trampın təşəbbüsü olduğunu vurğulayıb. Azərbaycanın öz müttəfiqləri Türkiyə və Səudiyyə Ərəbistanı ilə eyni ittifaqda yer alması regional əməkdaşlığa fayda verəcək”./teleqraf


MANŞET XƏBƏRLƏRİ