Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçirilən “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzulu Beynəlxalq Elmi-praktik Konfransın açılışında çıxış edib.
Milli Kitabxananın 100 illik yubileyinə həsr olumuş tədbirlər çərçivəsində düzənlənən konfransda iştirak edən qonaqları salamlayan Q.Paşayeva, kitabxana, kitabxanaçı dostluqlarını kübar insanlara xas dostluq adlandırıb.
Milli Kitabxananın rəhbərliyini, bütün əməkdaşlarını, ümumən bütün kitabsevərləri təbrik edən Q.Paşayeva, əlamətdar yubileyin silsilə tədbirlərlə qeyd olunmasını təqdir edib, ürək sözlərini bölüşüb.
Milli Kitabxananın keçdiyi zəngin yola, o cümlədən beynəlxalq əlaqələrinə, müstəqillik illərindəki fəaliyyətinə vurğu edən Komitə sədri, Ümummilli liderin mədəniyyətə diqqət-qayğısından, kitabxana işinin inkişafında müstəsna rolundan söz açıb. O, Milli Kitabxanının 100 illik yubileyinin “Heydər Əliyev İli”ndə keçirilməsini də çox anlamlı təvafüqlük adlandırıb.
Q.Paşayeva Ümummilli liderin çoxşaxəli fəaliyyətində kitabxana işinin digər əməli çalışma sahələri ilə sinxron qaydada inkişaf etdirilməsini, bu sahəyə xüsusi töhfə kimi xarakterizə edib.
Sonra Ermənistanın Qarabağ ərazisində törətdiyi vandalizmdən və həmçinin oradakı kitabxanaların 1/5 hissəsinin işğalçılar tərəfindən dağıdılmasından danışan Q.Paşayeva, təəssüflə bildirib ki, müvafiq beynəlxalq mədəniyyət qurumları erməni vandalizminə səssiz, biganə qalıb.
“Biz üzərimizdə mədəni mirasımızı qoruyub, gələcək nəsillərə ötürmək missiyasının olduğunun fərqinə varmalı, buna uyğun addım atmalıyıq.
Biz Milli Kitabxanamızın 100 illiyini qeyd edirik, amma Azərbaycanda kitabxanaçılıq ənənələrinin tarixi, əlbəttə, çox öncələrə gedir.
Məsələn, indiki Ermənistanın paytaxtı olan İrəvan şəhəri 1918-ci ilə qədər Azərbaycanın bir parçası idi. Biz sizə İrəvanda Azərbaycanın şəxsi, ictimai, milli kitabxanalarımızın olduğu məlumatları təqdim edə bilərik. İrəvana getsəniz, lütfən, azərbaycanlılara aid həmin kitabxanaların harada olduğunu soruşun. Onlar sizə doğru-dürüst məlumat verə bilməz; çünki bizim kitabxanaları, bizə aid mədəni irs örnəklərini ya dağıdıblar ya da özününküləşdirib, özgələşdiriblər”.
Sözünə davam edən Komitə sədri əlavə edib: “Düşünürəm ki, 100 illik tədbirlərdə ortaq dəyərlərin müzakirəsi də aparılmalıdır; yəni ümumbəşəri dəyərlərin dünyada qorunması üçün nə etməliyik? Bu mənada, kitabxanalarımız tərəfindən qarşılıqlı maraq doğuran mövzularda tədbirlərin keçirilməsi, əməkdaşlığın gücləndirilməsi ümumi işin xeyrinə olardı. Müxtəlif ölkələrdə digər ölkələrə aid kitabların sərgisinin, təqdimatının keçirilməsi, müvafiq ekspozisiyaların təşkil edilməsi yaxşı olardı.
Çox şadam ki, Azərbaycan Milli Kitabxanası oxucuların daha çox məlumatlanması üçün müxtəlif ölkələrdən gəlmiş qonaqlarla davamlı olaraq tədbirlər keçirir.
Harada yaşamağımızdan asılı olmayaraq dünya bizim ortaq evimizdir və mədəni dəyərlərə yanaşmada ikili standartlara yol vermədən çalışamalıyıq”.
Komitə sədri Milli Kitabxanaya xatirə hədiyyəsi təqdim edib.