Nə Xamenei, nə də Pezeşkian – İranda bütün qərarları artıq o verir


Yaxın Şərqdə geosiyasi gərginliyin artdığı bir dövrdə İranın real hakimiyyət strukturunun kimlərin əlində cəmləndiyi yenidən müzakirə mövzusuna çevrilib. Formal olaraq ölkəyə Ali Rəhbər Müctəba Xamenei rəhbərlik etsə də, qərarların yalnız bir mərkəzdə qəbul edilmədiyini bildirilir.

Analitiklərin fikrincə, İranın siyasi kursunu müəyyən edən əsas güc İslam İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). Hərbi, iqtisadi və təhlükəsizlik sahələrində geniş təsir imkanlarına malik olan bu struktur tədricən “dövlət daxilində dövlət” funksiyasını gücləndirir.

Digər tərəfdən, parlament sədri Məhəmməd Bağır Qalibaf kimi fiqurlar daha çox sistemin icraedici-siyasi sütununu təmsil edir. Bununla yanaşı, kulislərdə adı tez-tez hallanan Müctəba Xamenei isə qeyri-rəsmi təsir imkanları ilə diqqət çəkir.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, İranda müharibədən öncəki və hazırkı vəziyyət arasında ciddi fərqlər var:

“Müharibə tamamilə fərqli və mürəkkəb prosesin əsasını qoydu. Müharibəyə qədər İranda islahatçıların mövqeyi güclənməkdə idi. İstər İranın beynəlxalq vəziyyəti, istərsə də daxildə sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin ürəkaçan olmaması islahatların qaçılmaz olduğu mənzərəsini formalaşdırmışdı.

SEPAH-la dini rəhbərlik, eyni zamanda SEPAH-la hökumət arasında problemlərin getdikcə dərinləşməsi və inqilab korpusu daxilində fikir ayrılığının olması islahatçıların mövqelərini gücləndirirdi. Məsud Pezeşkian da məhz islahatçıların namizədi olaraq prezident seçildi. Sabiq dini lider Əli Xameneinin Pezeşkianın namizədliyini veto etməməsi onu deməyə əsas verir ki, o da qismən yumşalmada maraqlı idi. SEPAH daxilində radikal xətt tərəfdarları dini lider üzərində də təsir imkanlarını artırmışdılar. SEPAH-a məxsus mətbuat orqanlarında Pezeşkiana qarşı qara piar kampaniyasına start verilməsi də bu prosesin tərkib hissəsi idi. Bu isə İranda daha gərgin vəziyyət yaratmışdı. Hökumətlə xalq arasında qarşıdurma bu gərginliyin pik nöqtəsi oldu”.

eli zulfu
Əli Zülfüqaroğlu

Siyasi şərhçi bildirib ki, İsrail və ABŞ-ın İrana hücumu ilə vəziyyət kökündən dəyişdi:

“Rəhbərliyin öldürülməsi narazı kütlənin aqressivliyinin azalmasına gətirib çıxarmaqla yanaşı, toplumun xarici düşmənə qarşı birləşməsinə səbəb oldu. Yenidən SEPAH İranda ən əhəmiyyətli struktura çevrildi və buna görə də istər hakimiyyətin qolları, istərsə də cəmiyyət tərəfindən bu reallıq tam qəbul edildi. Əgər müharibəyə qədər hökumətin mövqeyi tədricən güclənirdisə, müharibə prosesi tərsinə çevirdi və hazırda SEPAH tam hakim mövqedədir.

Doğrudur, İranda mürəkkəb idarəetmə sistemi var, ağır hücumlara, rəhbərliyin öldürülməsinə rəğmən sistemin dağılmaması onu deməyə əsas verir ki, ekstremal vəziyyətlərdə dövlətin çökməməsi üçün çoxqatlı sistem formalaşdırılıb. Amma hazırkı reallıq ondan ibarətdir ki, İran dövlətçiliyi üçün prioritet məhv olmamaq və bunun üçün düşmənə qarşı dayanıqlılığın qorunmasıdır. Burada isə məsuliyyət SEPAH-ın üzərindədir. Strateji silahlar və hərbi əməliyyatların müəyyənləşdirilməsi SEPAH-ın əlindədir. Bu baxımdan İranın taleyinin də SEPAH-ın əlində olduğunu söyləmək mümkündür. Ona görə də hazırda hərbi əməliyyatların davam etdirilməsi ilə yanaşı, hökumətin səlahiyyətləri də SEPAH tərəfindən müəyyən edilir. Bu vəziyyəti yaradan isə İsrail və ABŞ oldu”.


MANŞET XƏBƏRLƏRİ