Aprelin 16-da Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifovun iştirakı ilə Gəncədə “Azərbaycan cəmiyyətində gənclərin milli-mənəvi ruhda tərbiyəsi, ailə dəyərlərinin qorunmasında anaların rolu və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.
Gəncə Tibb Kollecində keçirilən konfransda Bayram Yusifovla yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, kollecin direktoru, əməkdar həkim Mehman Rzayev, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, şəhid Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərova, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, gənclər, həmçinin Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.
Konfransdan öncə Gəncə Tibb Kollecində yaradılmış şəraitlə, kitabxana, laboratoriyalar və təhsil mühitinin inkişafı üçün yaradılan imkanlarla tanışlıq olub. Auditoriyalarda dərs prosesləri izlənilib, müəllim və tələbələrlə görüşlər keçirilib.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Əider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü, torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
Konfransı giriş sözü ilə açan kollecin direktoru, əməkdar həkim Mehman Rzayev qonaqları salamlayaraq müzakirə olunacaq mövzuların aktual və cəmiyyətimiz üçün vacib olduğunu vurğulayıb. Gənclərimizə milli-mənəvi dəyərlərin aşılanmasının ağsaqqallarla yanaşı, hər birimizin prioritet vəzifəmiz olduğunu bildirib. Qeyd edib ki, gənc nəslin taleyi bizi hər zaman düşündürməlidir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə öz çıxışında hər kəsi salamlayaraq tədbirin xoş bir ovqatda keçirildiyini və əhəmiyyətli bir mövzuya həsr olunduğunu vurğulayıb. Gənclərin milli-mənəvi ruhda tərbiyəsindən və ailə dəyərlərinin qorunmasından ətraflı bəhs edən natiq bildirib ki, zamanın bütün dövrlərində zəriflik, incəlik, müqəddəslik rəmzi olan Azərbaycan qadını, analarımız bu dəyərlərin qorunmasında və yaşadılmasında müstəsna rol oynayırlar. Müasir Azərbaycan tarixində qadın hərəkatının yeni səhifəsini yazan, böyük əzmkarlıqla bu məsuliyyətli missiyanın öhdəsindən layiqincə gələn Mehriban xanım Əliyevanın timsalında biz bunun şahidi oluruq. Pərvin Kərimzadə, həmçinin, gənclərin milli-mənəvi ruhda tərbiyəsində ağsaqqalların fəaliyyətini yüksək dəyərləndirərək Azərbaycan Ağsaqqallar Şurasının hər bir üzvünə bu cür gərəkli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra konfransda Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, şəhid Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərova və digər natiqlər mövzu ilə bağlı çıxışlar edərək Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən, gözəl ailə ənənələrindən bəhs ediblər. Vurğulayıblar ki, həmin dəyərlər və ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Biz bu dəyərləri yaşatmalı və gələcək nəslə ötürməliyik.
Tədbirdə, həmçinin, Gəncə şəhər 6 saylı orta məktəbin direktoru Vəfa Abbasovanın “Müasir cəmiyyətin sağlamlığının qorunmasında ailənin və məktəbin məqsədyönlü birgə fəaliyyəti”, ADAU-nun İctimai fənlər kafedrasının dosenti Sevda Abdullayevanın “Erkən nikah problemi: sosial risklər və hüquqi həll yolları” mövzularında məruzələri dinlənilib.
Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov çıxış edərək konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Tarixi şəhərimiz olan Gəncədə, doğma məkanda yenidən ağsaqqallar, ziyalılar və gənclərlə görüşdən məmnun olduğunu bildirib, Gəncə Tibb Kollecində yaradılmış şəraiti yüksək qiymətləndirib.
Tədbirin həssas və aktual bir mövzuya həsr olunduğunu vurğulayan natiq Azərbaycan cəmiyyətində gənclərin milli-mənəvi ruhda tərbiyəsi və ailə dəyərlərinin qorunmasında anaların əvəzedilməz rola malik olduqlarını qeyd edib, hər bir valideynin ən böyük arzusunun öz övladlarını xoşbəxt, mənəvi və fiziki cəhətdən sağlam görmək olduğunu bildirib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərlə bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən bəhs edən Bayram Yusifov müasir gənclərin xoşbəxt olduğunu vurğulayıb. Çünki onların Ulu Öndərimiz və müzəffər Ali Baş Komandanımız kimi istinad nöqtələri, örnək şəxsiyyətləri vardır. Natiq dahi rəhbər Heydər Əliyevin tarixi sözlərini - “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini tədbir iştirakçılarına xatırladaraq qeyd edib ki, bizim xalqımız möhtəşəm, güclü, qüdrətli xalqdır və bu xalqın gəncləri də hər zaman milli-mənəvi və vətənpərvərlik ruhunda yetişməlidirlər. Bunun üçün hər birimiz əlimizdən gələni etməliyik. Çıxışının sonunda bir daha hamımız üçün müqəddəs varlıq olan anaların ailə dəyərlərinin qorunmasında rolunu yüksək dəyərləndirən Bayram Yusifov xüsusilə şəhid analarına öz dərin ehtiramını bildirərək, müəllifi olduğu “Ana” şeirini səsləndirib. Şeir sürəkli alqışlarla qarşılanıb.
Konfransın sonunda Gəncənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən qadınlara Şəhər Ağsaqqallar Şurasının “Təşəkkürnamələri” təqdim edilib və xatirə şəkli çəkilib.










