"Jamestown Foundation" analizi regionda təhlükəli ssenarinin konturlarını göstərir
Yaxın Şərqdə artan gərginlik fonunda İran ətrafında baş verən proseslər yeni və daha təhlükəli geosiyasi ssenariləri gündəmə gətirir. ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan "Jamestown Foundation"-un "Eurasia Daily Monitor" nəşrində analitik Fuad Shahbazovun dərc etdiyi məqalədə-“Türkiye and Azerbaijan Contend With Potential Kurdish Role in Iran Conflict” (“Türkiyə və Azərbaycan İran münaqişəsində mümkün kürd roluna qarşı mövqe tutur”) regionda formalaşan yeni geosiyasi risklər və xüsusilə kürd faktorunun mümkün təsirləri geniş şəkildə təhlil edilir. Analitik yazı bu risklərin mahiyyətini açıq şəkildə ortaya qoyur. Deyim ki, bu barədə dəfələrlə Azərbaycan və Türkiyə mediasında oxşar fikirlər səsləndirilib. Ancaq ABŞ-ın beyin mərkəzində belə bir yazının ortaya çıxması məsələnin aktuallığından və ortada olan təhlükənin reallıq əmsalının getdikcə yüksəlməsindən xəbər verir.
Məqalənin ən diqqətçəkən məqamlarından biri kürd faktorunun artıq real geosiyasi alət kimi nəzərdən keçirilməsidir: “Washington and Tel Aviv reportedly considered providing political and logistical support for Iranian Kurdish militant groups…” (“Vaşinqton və Təl-Əvivin İran kürd silahlı qruplarına siyasi və logistik dəstək verməyi nəzərdən keçirdiyi bildirilir.”)
Bu sitat göstərir ki, kürd silahlı faktorunun aktivləşdirilməsi sadəcə ehtimal deyil, konkret geosiyasi ssenari kimi müzakirə olunub.
Türkiyənin mövqeyi isə bu kontekstdə son dərəcə sərtdir: “Türkiye views potential Kurdish militancy in Iran as a direct national security threat…” (“Türkiyə İran daxilində mümkün kürd silahlı fəaliyyətini birbaşa milli təhlükəsizlik təhdidi kimi qiymətləndirir.”)
Bu yanaşma göstərir ki, Ankara üçün məsələ sırf regional deyil, strateji təhlükəsizlik məsələsidir. Türkiyə İranın parçalanmasına qarşı çıxsa da, bu xəttin keçilməsi halında sərt addımlara hazır olduğunu gizlətmir.
Azərbaycan üçün risklər də açıq şəkildə qeyd olunur: “Azerbaijan fears Kurdish involvement… could destabilize Iran’s northwest… endangering Azerbaijani minorities…” (“Azərbaycan kürd faktorunun İranın şimal-qərbini destabilizə edə biləcəyindən və azərbaycanlı azlıqlar üçün təhlükə yaradacağından narahatdır.”)
Bu qiymətləndirmə göstərir ki, məsələ birbaşa Güney Azərbaycanda yaşayan azərbaycanlıların təhlükəsizliyi ilə bağlıdır və potensial olaraq etnik qarşıdurma riski daşıyır.
Məqalənin ən mühüm strateji tezislərindən biri isə budur: “The Kurdish question has increasingly become a contest among major global powers…” (“Kürd məsələsi getdikcə böyük qlobal güclər arasında rəqabət predmetinə çevrilir.”)
Bu o deməkdir ki, proseslər lokal çərçivədə qalmaya və geniş geosiyasi qarşıdurmanın tərkib hissəsinə çevrilə bilər.
Analitik baxımdan ən təhlükəli ssenari kürd silahlı qruplarının İranın şimal-qərbində möhkəmlənməsi və faktiki nəzarət zonası yaratmasıdır. Belə bir vəziyyətdə: Türkiyə ilə Azərbaycan arasında coğrafi bağlantı zəifləyə, bölgədə yeni “bufer zona” yarana və Türk Dünyasının inteqrasiyasına ciddi maneə formalaşa bilər.
Bu model mahiyyət etibarilə Qarabağ münaqişəsi dövründə yaranmış geosiyasi parçalanma ssenarisini xatırladır.
Belə bir ssenaridə Ankara və Bakının reaksiyası qaçılmaz ola bilər. Kürd faktorunun nəzarətdən çıxması və Güney Azərbaycanda yeni silahlı reallığın formalaşması halında hər iki ölkənin sərt, o cümlədən hərbi addımlar atması ehtimalı yüksək qiymətləndirilir.
"Jamestown Foundation"-un analizi göstərir ki, İran münaqişəsində kürd faktorunun aktivləşdirilməsi region üçün oyun dəyişdirici riskdir. Türkiyə İranın ərazi bütövlüyünü dəstəkləsə də, milli təhlükəsizlik xətti keçilərsə, sərt addımlar atmağa hazırdır. Azərbaycan isə həm etnik, həm də geosiyasi səbəblərə görə bu proseslərin birbaşa təsiri altındadır.
https://jamestown.org/turkiye-and-azerbaijan-contend-with-potential-kurdish-role-in-iran-conflict/
Elbəyi Həsənli. Bakı