Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstan Respublikası Milli Bankı arasında yeni əməkdaşlıq istiqamətləri


27 yanvar, 2026-cı il tarixində Qazaxıstana rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qazaxıstan Respublikası Milli Bankının sədr müavini xanım Aliya Moldabekova arasında görüş keçirilib.

Fonddan verilən məlumata görə, görüşdə ortaq tarixi-mədəni irsin qorunması və müasir dövrdə təbliği kontekstində mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı milli pul vahidlərinin yalnız iqtisadi alət kimi deyil, eyni zamanda Türk kimliyinin, tarixi yaddaşın və mədəni dəyərlərin daşıyıcısı qismində rolu vurğulanıb. Tərəflər bu sahədə mövcud olan beynəlxalq təcrübənin milli müstəvidə təhlil edilməsinin əhəmiyyətini qeyd ediblər. Numizmatika sahəsində mədəni irsin vizual təqdimatı, institusional təcrübə mübadiləsi və maarifləndirici təşəbbüslər istiqamətində potensial əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova bu görüşün təşkil edilməsinə və səmimi qəbula görə Qazaxıstan Respublikası Milli Bankının rəhbərliyinə dərin təşəkkürünü bildirib. O, bu cür işgüzar təmasların Türk dünyası çərçivəsində institusional əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.

Öz növbəsində, Sədr müavini xanım Aliya Moldabekova Türk Mədəniyyəti və İrsi Fondunun müxtəlif sahələri bir araya gətirən institusional yanaşmasının və mədəni diplomatiya sahəsində formalaşdırdığı əməkdaşlıq platformalarının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Müzakirələrin yekununda əməkdaşlığın gələcək mərhələlərinə dair ümumi baxış formalaşdırılıb, qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin davam etdirilməsi və bu istiqamətdə ardıcıl addımların atılması ilə bağlı razılıq ifadə olunub. Qeyd edilib ki, növbəti mərhələdə mümkün əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirilməsi və bu istiqamətdə ilkin addımların müzakirəsi nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ