Gürcüstanın keçmiş baş prokuroru Otar Romanov-Parsxaladze “qanuni oğru” Merab Suxumskinin qardaşı Levan Canqveladzenin qətlinin təşkilində ittiham olunur.
Turkustan.az xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Levan Canqveladzenin qətli tam açılıb. İstintaq hadisənin bütün hallarını müəyyən edib və əsas təşkilatçını üzə çıxarıb. Parsxaladzeni 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası təhdid edir.
“Levan Canqveladzenin sifarişlə və şəxsi maraqlar naminə qətlini törədən mütəşəkkil qrupun kim tərəfindən idarə olunduğu müəyyən edilib. Buna görə də işi açılmış hesab edə bilərik. Toplanmış sübutlar əsasında Baş Prokurorluq Otar Romanov-Parsxaladzenin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edib”, – deyə Daraxvelidze bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Parsxaladze beynəlxalq axtarışa veriləcək.
İstintaq müəyyən edib ki, keçmiş baş prokurorun göstərişi ilə qardaşlar David və Giorgi Mikadze öz dostları, həmçinin etibarlı şəxsləri Giorgi Cokhadze ilə əlaqə saxlayıblar. Ona qətlin planlaşdırılması tapşırılıb. Cokhadze isə cinayət planını həyata keçirmək üçün avtoritetin qətlini icra etməli olan Gela Udzilaurini tapıb. Tbilisi Şəhər Məhkəməsi oktyabrın 24-də Udzilauri barəsində hökm çıxararaq onu ömürlük azadlıqdan məhrum edib.
İş üzrə araşdırmalar çərçivəsində Giorgi Mikadze və Mamuka Bagdavadze saxlanılıb. Giorgi Kaçkaçaşvili, David Mikadze və Giorgi Cokhadze axtarışa verilib. Həmçinin daha əvvəl Levan Canqveladzenin qətlində istifadə edilən silahın adına rəsmiləşdirildiyi sabiq dostları Sandro Tsivtsivadze də saxlanılıb.
Prokurorluq nümayəndələri ilk dəfə 2025-ci ilin sentyabrında Canqveladzenin qətlinin təşkilatçıları sırasında keçmiş baş prokuror Otar Parsxaladzenin adını çəkiblər.
Qeyd edək ki, Levan Canqveladze 14 mart 2025-ci ildə Tbilisidə Çavçavadze prospektində qətlə yetirilib. Aldığı çoxsaylı xəsarətlər nəticəsində o, hadisə yerində dünyasını dəyişib, sürücüsü isə güllə yaraları ilə xəstəxanaya çatdırılıb.
Merab və Levan Canqveladze qardaşları mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamları olub. Lakin sonradan ona dönük çıxıblar./lent.az