Azərbaycanın növbəti uğuru-COP 29


Abdulla Əsgərov,
Naxçıvan şəhər A.Nəzərəliyev adına
16 saylı tam orta məktəbin direktoru

Təbiət Allah tərəfindən yaradılıb. Onu qorumaq isə bizim müqəddəs vəzifəmizdir. Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsildiyini görərkən elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm. Bir də deyirəm - kim hansı bir sağlam ağacı kəsirsə hesab edin ki, o mənim qolumu, barmaqlarımı kəsir… İnsan qurmalıdır, yaratmalıdır… Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız.

Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri

Təbiət öz çalarları, təzadları ilə gözəldir. İstisi-soyuğu, yaxını-uzağı, yaxşısı-yamanı ilə. Onda heç nə artıq deyil. Hamısının yeri var - fəlakətinin də, səxavətinin də. Təbiət canlı orqanizm olmaqla, insan ömrünü də, sanki özünə uyğunlaşdırıb, dörd fəslə bölüb. Uşaqlıq, gənclik, ahıllıq və qocalıq. Ulu Zərdüşt hələ çox-çox əvvəllər insan həyatı üçün ən zəruri olan dörd ünsürün (od, torpaq, hava, su) adını çəkmişdir. Doğrudan da, bu dörd ünsürdən biri olmazsa, həyat dayanar. Təbiət anadır, insan isə onun övladıdır. İnsanı əzəli və son beşiyi olan ana təbiətdən bircə anlığa da təcrid olunmuş təsəvvür etmək mümkün deyildir. Rəssam da, bəstəkar da, şair də öz əsərlərində təbiətin min bir gözəlliyini vəsf edir. Lakin onlar təbiətin yaratdığını tam əks etdirə bilmirlər. Elə buna görə biz təbiətin yaratdıqlarına təkrarsız gözəllik kimi baxırıq. Adi qanqal çiçəyinin rəng çalarlarını çəkməyə, əks etdirməyə nə rəssam fırçasının, nə də şair sözünün qüdrəti çatır. Təbiət öz sərvətlərini bizə bəxş etməklə yanaşı, eyni zamanda ruhumuza, hiss və duyğularımıza qida verir. Onun qoynuna fəsillər boyu gah qaranlıq çökür, gah nur ələnir. Təbiəti sevən adamlar mənən zəngin, həssas olur, vətəni sonsuz məhəbbətlə sevir, dostluqda, yoldaşlıqda etibarlı, sədaqətli adamlar kimi seçilirlər. Günəşi, Ayı, ulduzu, torpağı, gül-çiçəyi, dağları, meşələri, çayları, dənizləri düşündükcə fikirlər, xəyallar bizi qanadına alıb göylərə aparır. O göyə ki, hələ də sirli-sehrli olaraq qalır.

Təbiət özü canlı bir tablodur. Onun qorunması problemlərinin həllini insanın təbiətə olanməhəbbətində, insan həssaslığında axtarmalıyıq. Azərbaycan təbiəti zəngin bir muzeydir. Burada mövcud 11 iqlim qurşağından 9-nun olması onu daha zəngin və rəngarəng edib. Təbiətin Azərbaycana bəxş etdiyi zəngin yerüstü və yeraltı sərvətlər xalqımızın tarixində müstəsna rol oynamış, bu torpağın füsunkar təbiəti nadir istedad sahibi olan böyük sənətkarlarının ilham mənbəyi olmuşdur.

Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm çox gözəl və rəngarəngdir. Əslində elə biz özümüzdə təbiətin bir zərrəsiyik. Biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı onun bitkilər aləmi olan-florasını, canlılar aləmi olan-faunasını qorumalıyıq. Sağlamlığımızda, yaşayışımızda təbiətdən asılıdır. Təbiətin ayrılmaz hissələrindən biri də meşələrdir. Almanlar meşələr haqqında çox mənalı və müasir bir ifadə səsləndiriblər. Hansı ki bu ifadə "Yaşıl ciyər" ifadəsidir. Yaşıllıq insana çörək qədər lazımdır. Həm də çörəksiz insan məhv olduğu halda, yaşıllıqsız bütün canlılar aləmi məhv olur. Meşələr bizim sərvətimizdir. Məlum məsələdir ki, meşələri-Yer kürəsinin yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək bəşərdə yoxdur. Təəssüf ki, son zamanlarda baş verən təbii qazın azlığı, kənd təsərrüfat işləri meşələri sıxışdırır. Bu insanlara qarşı törədilmiş ən ağır müharibədir. İnsan zəkası, ağlı bu müharibələri dəf etməyə qadirdir. Biz təbiətin qədrini bilməyən,onu korlayan insanlara qarşı mübarizə aparmalıyıq, onun gözəlliyini mühafizə etməliyik. Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi önəm verir. Ölkəmizin 2030- cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası elan edilməsi, 2024-cü ilin "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunması bu sahədə aparılan məqsədyönlü tədbirdir. BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ( COP 29) iştirakçı ölkələrin qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək.İştirakçılarının sayına, səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən hesab olunur. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) iqlim böhranının həlli yönündə çalışmaların əlaqələndirilməsi,onun aradan qaldırılması,strategiyaların işlənib hazırlanması üçün çox önəmli beynəlxalq platformadır. Məhz ona görə bu qənaətdəyik ki, COP 29 ölkəmizə iqtisadi cəhətdən də qazanc gətirə biləcək bir platformadır. Düşünürük ki, ölkəmizin ətra mühitinin,təbiətinin qorunmasına COP 29 müsbət təsir edəcək. Rəssam da, şair də, bəstəkar da öz əsərlərində təbiətin min bir gözəlliyindən bəhs edir. Lakin təbiətin yaratdıqlarını tam təsvir edə bilmirlər. Misal olaraq deyə bilərik ki, adi qanqal çiçəyinin rəng çalarlarını çəkməyə nə rəssam fırçası, nə də şairin qüdrəti çatır. Biz insanlarda dərk etməliyik ki, Allahın yaratdığı bu möcüzələri qorumaq lazımdır. Təbiətin qədrini bilməliyik, körpə fidanlar əkməliyik. Etdiyimiz bu hərəkətlə biz gələcək nəsillərə də örnək olarıq.


MANŞET XƏBƏRLƏRİ