TÜRK TANRIÇILIĞI VƏ MÜTLƏQƏ İNAM


İŞIQLI ATALI

III yazı

Göy Tanrı inancına aid edilən kutsal kitabımız əlimizdə yoxdur: Türk xalqı təəssüf ki, bu yöndə yaradıcılığını ardıcıl, axıradək inkişaf etdirə, kitablaşdıra bilmədi. Əslində onun bu yöndə yaradıcılığını inkişaf etdirmək üçün kifayət qədər imkanları vardı. Bu və başqa faktlarda Tanrının hər şeyin üzərində, yaradıcısı olduğu faktı görünür, bilinir. Tanrı insan həyatının yiyəsidir, yönləndiricisidir. Tanrının əcdadlarımız üçün doğma obraz olduğunu görürük. Tanrıya aid edilən keyfiyyətlər zamanüstülük kəsb edir. Tanrı obrazı gerçəklik içində gerçəklikdən ötə anlaşılır, qəbul edilir. Ancaq “Bağışlayan”, “Əsirgəyən”, “Güdən”, “Bilən” kimi anlamlar artıq Türk Tanrıçılığına deyil, İslam Allahçılığına aid keyfiyyətlərdir, ya da Tanrıçılıqla Allahçılığın qovuşağındadır. “Tanrı” sözü Dan/Tan kökündəndir, “şaşırma, heyrət etmə” anlamındadır, Şumer mənşəlidir, Dingir və ya Tingir - “tanımaq”, “tan” sözlərinin kökündəndir.

Tanrının insanlaşmış obrazı Türk Tanrı inancında özünü bütünlüklə göstərir. Tanrı – Türkün mahiyyətcə özüdür, ruhunun, cisminin yaradıcısıdır. Tanrıya inancın əhatə dairəsinin artması, genişlənməsi ilə obrazın antropomorflaşması prosesi yanaşı getməyə başlayır. Türk mifoloji düşüncəsindən gerçək həyata gələn obraz zaman-zaman ictimai həyatda daha da hökmlü və yaşarı olmağa başlayır. Tenqriçilik və ya Göy Tanrı dini şamanizm və animizmlə xarakterizə olunur. Habelə vurğulanır ki, Göyün ulu ruhu Tanrıdır. Tanrı hər şeydən uca, güclü, yenilməz, yaradıcı sayılır.

Mənası “möhkəm” anlamına gələn “Türk” sözü xarakter etibarilə birsifətliyi, dəyişməzliyi, ölümlə öcəşməyi, ancaq öldürməyi sevməməyi, fitri döyüşkənliyi, fitri inancıllığı, vətənsevərlik ruhu ilə diqqəti cəlb edir. Deyə bilərlər ki, sadaladığımız cəhətlərin müəyyən qismi bu və ya başqa ulusda da var. Hər hansı ulus müəyyən dərəcədə bəşərilikdən soraq verir. Ancaq sadaladığımız xarakterik cəhətlər bütövlüyü ilə Türkə məxsusdur, örnək olaraq dünyaya sunulmalıdır.

Möhtəşəm fikir, ruh, ideyaçılığa, idraki və bədii vüsətə qadir olan Türk habelə möhtəşəm dövlətçilik ənənəsi yaratdı, bu ənənəni minillər boyunca yaşatdı.

Mifoloji düşüncədə Türk-Əcdadın dünyanın yaradılışında iştirakını nəzərə almaq şübhəsiz, qaçılmazdır. Əcdadın Tanrıya münasibətindəki ərklilik yaradıcı xarakter kəsb edir, bu, Dünya-İnsan bağlılığının doğmalıq əsasında olduğu anlaşılır, dünyanın yaradılışında Əcdad-Türkün iştirakı mifoloji məntiqlə əsaslandırılır.

İnam Ata (Asif Ata) yazır, günəşi insanlaşdırmaq, suyu insanlaşdırmaq, dağı insanlaşdırmaq, göyü insanlaşdırmaq - insanı dünyalaşdırmaqdır. Allah Günəşə, Suya, Dağa, Göyə sahib oldu, onları dünyanın əlindən aldı, insansızlaşan dünyada İnsan özünə o dünya axtardı.

Burada Türk-Dünya birliyi məsələsi fəlsəfi sarıdan araşdırdırılır. Yəni günəşin, suyun, dağın, göyün, habelə torpağın və s. insanlaşdırılması insanın təbiətlə ilahi-insani birliyinin yaradılması idi. Türkün Təbiətə yanaşmasında bu cəhəti aydınca görmək olur: “Qədim türk təfəkküründə təbiət insanlaşırdı, insan təbiətləşirdi. Sonradan obyekt – subyekt əlaqələrində təbiət insana qarşı, insan təbiətə qarşı qoyuldu, bu da insan – təbiət yadlığına yaradı”.

Doğa ilə İnsanın mahiyyəti birdir. Türk yaşamında, ilk növbədə Doğaya ilahi yanaşmasında sözügedən birliyi ömründə təsdiq edirdi. Doğaya insani yanaşma cansız sayılanın, cansız olanın da canlandırılmasıdır, burada Su, Torpaq, Hava, Günəş, Göy və s. canlı sayılır.

İnam Atanın (Asif Atanın) Tanrı-Allah fərqi ilə bağlı fikirləri də diqqətçəkəndir: “Tanrı dünyanı təmsil edir, bu səbəbdən də dünyadan asılı olur. Allah dünyanı idarə edir, bu səbəbdən də dünya Allahdan asılı olur. Tanrıçılıq – Dünyaçılıqdır əslində, Din – Allahçılıq. Qədim Türklər – Allahçı olmayıblar, dünyaçı olublar”.

Burada Ulusun təsəvvürünün onun yaşamında necə ifadəsini tapmasının qaçılmazlığı, gərəkliyi görünür, bilinir. Əcdad düşüncəsindəki Dünyanın təsəvvürü intuitiv olaraq insanlıq mahiyyəti ilə bağlı idi. Baxmayaraq ki, əcdadın ağlında, duyğusunda dünyanın, həyatın, insanın dərki ilə bağlı düşüncələr hətta daha çox primitiv səciyyə daşıyırdı, ancaq əcdadın fitrəti – ilkin duyumu bənzərsiz yaradıcı duyumdan xəbər verirdi.

Qədim türk təfəkküründə Doğanın ruhu ilə İnsanın ruhu arasında möcüzəvi birlik, doğmalıq var

Əfsanələrin mayasındakı kosmoqonik yaradılışın əsasında əcdadlarımızın təbiət ruhunu insanlaşdırmaq, özüylə, ruhuyla doğmalıq görmək istəyi dururdu. Türklər inanırdılar ki, onların ruhu ilə təbiətin ruhu arasında yadlıq yoxdur. Bu səbəbdən də təsəvvürdə, duyumda təbiətdəkilərə çevrilmə əcdadlarımız üçün təbii, qəbulolunan idi. Çünki insan təxəyyül vasitəsilə əfsanəvi çevrilmədə mahiyyətə yetirdi. Mahiyyətin dərki əfsanəvi biçim və məzmun tələb edirdi.

İnam Ata (Asif Ata) Allahçılığı Tanrıçılığın davamı deyil, inkarı sayır. Onun fikrincə, Tanrıçılıqda insan dünyalaşır, Allahçılıqda bəndələşir: “Tanrıçılıq bu dünyanı sevdi, ona görə də o dünyaya ehtiyacı olmadı. Allahçılıq bu dünyanı sevmədi, ona görə də o dünyaya ehtiyacı oldu”.

Daha bir qənaət Tanrıçılığın Allahçılıqdan üstün olduğu dərəcədə Mütləqçilikdən əksikliyidir, Ata burada dünyanın dünyalıq təməlindən məhrum olduğunu bildirir: “Günəşi tanrı saymaq, suyu tanrı saymaq, dağı tanrı saymaq, göyü tanrı saymaq dünyanı tanrı saymaqdır. Günəşi insanlaşdırmaq, suyu insanlaşdırmaq, dağı insanlaşdırmaq, göyü insanlaşdırmaq insanı dünyalaşdırmaqdır. Allah günəşə, suya, dağa, göyə sahib oldu, onları dünyanın əlindən aldı, insansızlaşan dünyada insan özünə o dünya axtardı”.

Tanrıçılıqda dünyanın dünyadakından yaranması diqqəti çəkir: Tanrı dünyadadır, Allahçılıqda isə Allah dünyadan qıraqdadır.

Müxtəlif baxışlar olsa da, mahiyyətcə Türk Tanrısı əcdad üçün qorxulu olmayıb. Əcdad Tanrısına tapınıb, ona ərkli davranıb. Əgər qorxsaydı, o zaman Tanrıya doğma oxşamalar yaranmazdı. Əslində folklorun bir çox janrlarında rast gəlinən inanc yönünün mahiyyətində əcdadın Tanrısına ərkli, inamlı yanaşması dayanır. Habelə Tanrıçılıq dünyanı müqəddəsləşdirir, Allahçılıqda isə dünya faniləşir. Şübhəsiz, burada Tanrıçılıqla Allahçılıq arasında bərabərlik işarəsi qoymaq məntiqə sığmır.

Habelə qədim Türkün Tanrısının mahiyyətcə Doğa (Təbiət) olduğu anlaşılır. Əcdad Türk üçün Tanrının konkret obrazı varmı? Tanrının sifətləri nədən ibarətdir? Təbiidir, ümumi təsəvvür var, yəni Tanrı yaradıcıdır, güclüdür, yenilməzdir və s. Ancaq Tanrının konkret obrazı dedikdə onun İnsanda, Doğada gerçəkləşməsi anlaşılır. Türk Tanrını mahiyyətcə hər yanda görürdü: Göydə, ümumən Təbiətdə, yaşamında, davranışında...

Göy Tanrı inancının, ümumiyyətlə, Tanrıçılığın zaman-zaman anlaşılma mərhələləri olmuşdur. Şübhəsiz, ilkin çağlardan fərqli olaraq Tanrının dərki, Türk insanı üçün mahiyyətcə anlaşılan olması sonrakı çağların idraki düşüncəsinin məhsuludur. Şübhəsiz, zaman-zaman qəbul edilmiş dinin kütlələrin ağlında, yaşamında daha da etkiləyici rolunu artırmaq üçün onun sirli-sehrli, fövqəl qüdrətli, idarəçilərin isə Tanrı tərəfindən seçilmiş olması ilə bağlı təsəvvürlər yaratmaq çabası çox güclü olub.

Türk Ulusunun Tanrı obrazına ərkli, doğma yanaşmasının kökü çox qədimlərdən gəlir. Tanrılaşma Türkü Doğayla doğmalaşdırır. Təbiətlə doğmalaşma Türk üçün sadəcə, yaşam tərzidir, onun əzəli mənəviyyatından gəlir. Türkün mənəviyyatında Tanrıçılıq özünü ilahiləşmiş duyğularının məcmuyu, yetkin obrazı kimi göstərir. Deməli, Türk Tanrıçılığı Türk xarakterinin ifadəsi, Türk də ifadəçisi kimi var olur. Türk dünyaya öz inamı, idrakı, mənəviyyatı, iradəsi ilə yanaşır. Türkün xarakteri insançılığın ifadəsi ilə bağlıdır, burada antiinsani hallara yer yoxdur. Onun Tanrısı da özünə oxşamalıydı. Əslində Tanrıya tapınmaq – ilk növbədə Tanrını ağılda, duyğuda yaratmaqdan başlayır. Habelə Tanrı obrazı tarix boyunca insanların ruhunun ifadəsi olaraq özünü göstərib. Fikrimizcə, qarşıdakı araşdırmalarda fəlsəfə ilə elmiliyin birliyi daha yaradıcı, yaşarı qənaətlərə gəlməyə imkan verəcək.

Tanrıçılıqdan və Zərdüştçülükdən sonra Türk Ulusu yüzillərlə yad baxışlarin etkisi altında yaşadı, bu gün də yaşamaqdadır. Bu gün Tanrıçılığa qayıtmaq Ulusumuzun mənəvi qurtuluşunu tam yaratmaz. Nədəni aydındır: əski çağların dünyagörüşü ilə yeni çağın informasiyalaşmış, az qala özülündən ayrılmış texnoloji dünyada var olmaq, ulusal-ruhsal ənənəni yaşatmaq, artırmaq olmayacaq. Yalnız İnam Atanın (Asif Atanın) Mütləqə İnam Dünyabaxışı nəinki Ulusumuzun, habelə Bəşərin bənzərsiz ölçüdə varoluşunu yarada bilər. Burada İnam İnsanın Mütləqləşmək – İnsanlıq imkanlarına yiyə olmaq, varlığını yaratmaq qüdrətinin ifadəçisi olur. İnam Atanın (Asif Atanın) şəxsində Mütləqə İnam Dünyabaxışının gəlişi ilə Azərbaycanın mənəvi görkəmi kökündən dəyişdi. Mütləqə İnamın gəlişi İnsana, Ulusa, Bəşərə bənzərsiz İnam müjdəçiliyidir. İndiyə qədərki gəlişlərin çoxu insandan qıraqdakı qüvvələrə inam əsasında olub. Sonucda insan yox, insanüstü qüvvələr təsdiqlənib. Ancaq İnam Atada başlıca məqsəd İnsandır, insanın var olması özündən qıraqdakı quvvəyə yox, insandakı Mənaya, Mütləqlik imkanına əsaslanır. İnam Atanın onillərdir Azərbaycana gətirdiyi özümlü, bənzərsiz düşüncə yönü, ideya fərqi yer-göy səviyyəsində ortadadır. Ata Ulusumuz üçün yeni, qədimlik üstə yön, yol, gözümüzü özgəliklərdən yığmaq üçün Ulusallığa əsaslanan inam, idrak, mənəviyyat, iradə imkanını ortaya qoydu. Azərbaycan insanının özümlü əsasda var ola bilməsini sübut etdi. O, yaratdığı dünyabaxış – Mütləqə İnam əsasında özünü var etdi. İnsan haqqında deyilən, yazılan bədbin fikirlərə uymadı, hamının insandan üz döndərdiyi bir çağda insanlığa üz tutdu. Özü demişkən, insanda yanılsa da, insanlığa inandı.

Əgər insan qurtulacaqsa, dünya da qurtulacaq. İctmai münasibətləri, quruluşları yaradan insandır. Yaxşı insanlar yaxşı quruluş yaratmağa qadirdirlər. Atanın İnsan idealı ictimai münasibətlərdən, istehsalat fatalizmindən, dini təsəvvürlərdən, hər sayaq alın yazısından asılı deyil, yalnız özümlüyündən asılıdır. O, özündəki Mütləqə inanır, ən çətin çağında özümlüyünə üz tutur – kədərli çağında da, fərəhli çağında da. Atanın İnsan idealı yaşama, gerçəkliyə qaçılmaz, vazkeçilməz gərəklikdir.

Mütləqə İnam – dünyanın özündən artıq, yüksək olan mənasına inam deməkdir. Bu İnama görə, dünya öz Mənasından yaranır. Məna dünyadan qıraqda deyil, dünyanın içindədir: Əzəlidir, Əbədidir, Sonsuzdur, Kamildir.

Bəşər tarixində Mütləqə İnam ölçüsündə inam olmayıb. O deməkdir ki, İnam Ata ölçüsündə ömründə idealı təsdiq edən insan olmayıb. Çağında qəbul olunan həqiqət yoxdur, həqiqətin qəbul edilməsi onillər, yüzillər istəyir. Başlıca ideyası budur: “İnsanlaşın, İnsanlaşdırın!”

Türkün Tanrıçılıqdan gələn uca duyumu Mütləqə İnam Dünyabaxışında ulusal imkan kimi təkrarsız, bənzərsiz, yaradıcı yaşamaqdadır. Mütləqə İnamın gəlişi o deməkdir ki, Ulusumuzun üzünü özünə tutması imkanı var - özinamlı olur. Yalnız uzun yolun uğuru var. İnsanlığın yolu uzundur, çətindir, yoxuşludur. Qoy insan ölməsin, uluslar ölməsin. Onda bəşər də ölməz. Bəşərin varlığı ulusların özinamlı olması ilə bağlıdır. Mütləqə İnam dünyabaxışı hər bir ulus üçün bu imkanları açır.

(Son)


MANŞET XƏBƏRLƏRİ