Qəzzada və Yaxın Şərqin bir çox başqa bölgələrində yaratdığı insan faciəsinin ardınca İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 80-ci iclasında etirazlar səbəbilə boş zalda çıxış edib.
Turkustan.az xəbər verir ki, binanın girişindəki bəzi etirazçılar ölkə nümayəndə heyətlərinin içəri girməsinə də “Niyə Netanyahunu dinləyəcəksiniz?” sualı ilə reaksiya veriblər.
Qəzza zolağında soyqırım həddinə çatan hücumları davam etdirdiyi üçün beynəlxalq təzyiqlərlə üzləşən İsrailin baş naziri etirazlar səbəbindən bir müddət çıxışına başlaya bilməyib və çıxışı zamanı zaldan uğultular eşidilib.
Netanyahu çıxış edərkən, İran nümayəndə heyəti İsrailin İrana hücumlarında həyatını itirən mülki şəxslərin fotoşəkillərini masanın üzərinə qoyaraq zalı tərk edib.
Netanyahu çıxışında İsrailin Qəzza, Livan, Yəmən və Suriyaya hücumlarına işarə edərək, İranın bütün dünya üçün təhlükə olduğunu və İrana qarşı hücumlarının qanuni olduğunu müdafiə edib.
İranı hərbi nüvə potensialını bərpa etməyə imkan verməməklə hədələyən Netanyahu BMT Təhlükəsizlik Şurasını İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb.
O, Suriya ilə təhlükəsizlik razılaşması üçün danışıqlarla bağlı razılığın əldə oluna biləcəyinə inandığını desə də, İsrailin atəşkəsə baxmayaraq az qala hər gün hücum etdiyi Livanı sülh danışıqlarına başlamağa çağırıb.
Aytən Yaşar/ Turkustan.az