Türk ölkəsinin adı dəyişdirilir? – Açıqlama


Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar ölkənin adının dəyişdirilə biləcəyini istisna etməyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprə gözlənilən səfəri çərçivəsində bu məsələ ilə bağlı yayılan iddialara belə cavab verib:

“Mən bu fikri dəstəkləyirəm. Federasiya dəftəri artıq bağlanıb. “Şimal” ifadəsi də öz mənasını itirib. Şimal və cənub anlayışı ilə dövlət qurmaq mümkün deyil. Artıq Kiprdə iki fərqli dövlət var”.

Prezident Tatar ŞKTC-nin adının “Kipr Türk Cümhuriyyəti” olaraq dəyişdirilə biləcəyini istisna etməyib.

Globalinfo.az-a danışan Şimali Kipr Prezidentinin xüsusi müşaviri Gökhan Gülər isə bildirib ki, müsahibənin bəzi hissələri yanlış anlaşılmışdır:

“Cənab Prezident müsahibədə qeyd edib ki, Cənubi Kipr Yunan administrasiyası adanın tamamının onlara məxsus olduğunu iddia edir. Prezident Ərsin Tatar isə jurnalistə bildirib ki, bu yanaşma reallığı əks etdirmir. 1963-cü ildə Kipr türkləri, silahlı yunanlar tərəfindən bərabər hüquqlu olduqları dövlətdən zorla çıxarılmağa çalışıldı. Buna cavab olaraq, 1964-cü ildə Kipr türkləri öz idarəetmə orqanlarını qurmağa başladılar və 1974-cü ildə adanın mövcud sərhədləri formalaşdı.

1983-cü ildə adanın şimalında Şimali Kipr Türk Cümhuriyyəti elan edildi. O dövrdə qurucu prezident Rauf Denktaş dövlətin adında “şimal” ifadəsinin istifadəsini belə izah etmişdi: bu ad gələcəkdə Kiprin türk və yunan icmaları arasında federasiya formatında birgə dövlət qurulması ehtimalını açıq saxlamaq məqsədi daşıyır”.

WhatsApp Image 2025 04 04 at 16.17.04

Gökhan Gülər xatırladıb ki, 2017-ci ildə Crans-Montana danışıqları zamanı yunan tərəfinin kompromisə yanaşmaması səbəbilə proses nəticəsiz qaldı:

2020-ci ildə keçirilən prezident seçkilərində Ərsin Tatar Kipr türklərinə ikidövlətli modelə əsaslanan bir gələcək vəd etdi. Bu model Kiprdə bərabərhüquqlu iki suveren dövlətin mövcudluğunu nəzərdə tutur. Seçkilərdə xalqın böyük əksəriyyəti bu yanaşmanı dəstəkləyərək Ərsin Tatarı prezident seçdi.

Cənab Prezident müsahibəsində “könlüm istəyərdi ki, “Şimal” ifadəsi aradan qalxsın” deyib. Bu, sadəcə arzudur. Hazırda parlamentdə bu yöndə hər hansı rəsmi təklif yoxdur, eləcə də bu məsələ ilə bağlı xalq referendumu keçirilməyib. Belə bir dəyişiklik asan şəkildə həyata keçirilə bilməz. Hazırkı şərait də buna uyğun deyil və cənab Prezident bunu müsahibəsində açıq şəkildə vurğulayıb”.


MANŞET XƏBƏRLƏRİ