Putindən Trampa Alyaskada siyasi “sui-qəsd” planı – Hazırlıqlar başladı


ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Rusiya lideri Vladimir Putinlə Alyaskada görüşəcək. Məlumata görə, görüşün əsas məqsədi Ukraynada atəşkəsin əldə olunmasıdır. Belə ki, Tramp Avropa liderləri ilə telefon danışığında Putinlə heç bir torpaq mübadiləsini müzakirə etməyəcəyini, məqsədinin yalnız döyüşlərin dayandırılması olduğunu bildirib.

Analitiklər hesab edir ki, bu görüş Qərbin vahid mövqeyinin qorunması baxımından mühüm siyasi mesaj daşıyır.

Tramp-Putin görüşü Ukraynada real atəşkəsə gətirib çıxaracaqmı? Görüşdən gözləntilər nədən ibarətdir?

Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli bildirib ki, Trampın rusiyalı həmkarı ilə Alyaskada keçirilməsi planlaşdırılan sammitindən ciddi nəticələr gözlənilmir:

“Uğurlu görüş üçün əvvəlcə əlverişli siyasi mühit formalaşmalı və bu mühit sənədləşdirilməlidir. Hazırda isə belə bir şərait mövcud deyil. Rusiya hələ də Ukraynanın ərazi bütövlüyünü pozmaq və suverenliyini məhdudlaşdırmaq siyasətindən imtina etmir. ABŞ isə Ukraynanın torpaqlarını Kiyev və Avropa dövlətlərinin razılığı olmadan güzəştə gedə bilməz. Buna görə də sammitdən mühüm nəticələr gözləmək real deyil. Görüş əsasən hər iki lider üçün vaxt qazanmaq vasitəsi kimi qiymətləndirilir”.

Politoloq qeyd edib ki, Rusiyada bu görüş “Putinin böyük qələbəsi” və “Ukraynanın yaxınlaşan məğlubiyyəti” kimi təqdim edilərək ictimai rəy yönləndirilir:

Xəqani Cəfərli

“Tramp isə vəd etdiyi sanksiyaları tətbiq etməmək üçün bu danışıqlara ehtiyac duyur. Putin də ölkəsini və əsas ticarət tərəfdaşlarını sanksiyalardan yayındırmaq üçün bu sammitdə maraqlıdır. Ehtimal olunur ki, tərəflər 2019-cu ildə Osakada baş tutan görüşdən sonra kəsilən dialoqu bərpa edəcəklər. Habelə Alyaska sammitindən sonra Ukraynanın müəyyən çətinliklərlə qarşılaşma ehtimalı var. Məsələn, ABŞ-dan silah və sursat tədarükündə gecikmələr yaşana bilər, lakin bunun uzunmüddətli olması gözlənilmir.

ABŞ-da isə Konqresə aralıq seçkilərə hazırlıq başlayır. Trampın zəif lider obrazı və Rusiyanı müharibəni dayandırmağa məcbur edə bilməməsi Respublikaçılar Partiyası üçün siyasi risk yarada bilər. Buna görə də sammitin təsiri bir neçə ayla məhdudlaşacaq. Hətta daxili və xarici təzyiqlər nəticəsində Trampın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi də mümkündür. Bütün bunlar fonunda tərəflərin Ukraynada sülhə nail olması ehtimalı son dərəcə zəif görünür”.


MANŞET XƏBƏRLƏRİ