İki kəşfiyyatçının görüşü: Putindən Hakan Fidana şifrəli jest - Foto


Rusiya Prezidenti Vladimir Putinin ötən günlərdə Türkiyə xarici işlər naziri Hakan Fidanı Kremldə qəbul etdiyi anın görüntüləri böyük marağa səbəb olub. Rəsmi protokola görə, dövlət başçısı ancaq qonaq etdiyi digər dövlətin baçısıyla, yəni öz ranqında olan şəxslə üz-üzə oturmalıdır, bu baxımdan Putinin Fidana münasibəti diqqət çəkib.

Turkustan.az xəbər verir ki, türkiyəli jurnalist Ahmet Tezcan görüşlə bağlı maraqlı məqamlardan danışıb.

Jurnalist Putinin Prezident Rəcəb Tayyib Ərdoğanı yaxşı tanıdığını və onun imkanlarını gözəl bildiyini söyləyib:

“Məncə, Putinin münasibəti Qərbə çox açıq mesajdır. Putin Ərdoğanın baş nazirliyi dövründə Türkiyəyə gələndə Prezident Sezerlə görüşməzdən əvvəl Baş nazir Ərdoğanla onun iqamətgahında səhər yeməyi yeyirdi. Yəni ilk görüşünü Ərdoğanla keçirərdi. Halbuki Sezərin qonağı kimi Türkiyəyə gəlmişdi, protokola görə, əvvəlcə onunla görüşməliydi. Putin bunu etdiyinə görə o zamankı ABŞ Prezidenti Buş da eyni şəkildə səhər yeməyinə gəlməyə başlamışdı”.

Tezcan Hakan Fidan-Putin görüşü ilə bağlı digər məqamlara da diqqət çəkib:

“Daha yaxın məsafədə əyləşdilər. Putin bu dəfə həmsöhbəti üçün yaxın məsafə və buna uyğun masa seçdi. Fərqli bir mövqedir.

Rusiya üçün ən böyük təhlükə ABŞ yox, Çindir. Bunun həmişə Putinin beynində olduğunu düşünürəm. Rusiya Çinin qarşısında güclü olmaq üçün Türkiyə və onun sıx əlaqələrdə olduğu ölkələri (Türk Dünyası) hesaba qatdığı qənaətindəyəm. Putin yaxşı bilir ki, Avropa Birliyi öz kibrinə görə bunu anlamayıb. Türkiyəni nəzərə almadan hərəkət etmək mümkün deyil, artıq bunu Avropa Birliyi də başa düşməyə başlayıb.

Türkiyə ilə əməkdaşlıq etməyə məcburdurlar. İndi Putinin Hakan Fidanla bərabər səviyyədə danışıqlar aparması, yaxın məsafədə üz-üzə oturması onun Türkiyəyə verdiyi önəmi göstərir, bu, həm də mənəvi bir dəstəkdir. Putin sanki bununla bir mesaj verir ki, mən Hakan Fidanın şəxsində burda Türkiyənin xarici işlər naziri yox, prezidenti ilə danışıram, ona xitab edirəm. İkincisi, bu, Qərbə mesajdır, əsas mesajın da bu olduğunu düşünürəm”. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ