Almaniyanın şərqində yerləşən Saksoniya-Anhalt əyalətində keçirilən regional seçkilərdə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının tarixi qələbəsi gözlənilir.
Turkustan.az xəbər verir ki, seçkiqabağı sorğular AfD-nin səslərin 41 faizini toplayaraq digər partiyaları böyük fərqlə qabaqladığını göstərib.
Saksoniya-Anhaltda təxminən iki milyon seçici yeni əyalət parlamentinin tərkibini müəyyənləşdirmək üçün səs verib. ZDF-nin seçkilərdən əvvəl yayımladığı son sorğuya əsasən, AfD 41 faizlə ilk sırada qərarlaşıb. Hazırkı kanslerin partiyası olan Xristian Demokrat İttifaqı (CDU) 23 faizlə ikinci olub.
Sorğuda Sol Partiya 11,5 faiz, Sosial Demokrat Partiyası (SPD) 8,5 faiz, Yaşıllar isə 6 faiz dəstək qazanıb. BSW və Azad Demokrat Partiyasının (FDP) da 5 faizlik seçki baryerini keçəcəyi proqnozlaşdırılıb.
AfD-nin yüksək nəticəsi əyalət siyasətindən kənarda da ciddi əhəmiyyət daşıyır. Partiyanın sorğulardakı göstəricisi Saksoniya-Anhaltda təkbaşına hökumət qurmasına imkan verə bilər. Bu isə Almaniyada siyasi qüvvələr nisbətinə və ölkənin Avropa İttifaqındakı siyasətinə mümkün təsirləri ilə bağlı müzakirələri gücləndirib.
“The New York Times”ın təhlilində AfD-nin mümkün qələbəsi Almaniya siyasətində narahatedici dönüş kimi qiymətləndirilib.
Aytən Yaşar/ Turkustan.az