8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edib.
Turkustan.az xəbər verir ki, əvvəlcə Fəxri xiyabanı ziyarət edən Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsinə dərin ehtiramını ifadə edib. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.
Hərbi Memorial Məzarlıqda keçirilən anım mərasimində hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, memorial abidənin önünə əklil qoyularaq onların xatirəsinə ehtiram nümayiş etdirilib.
Ziyarət proqramı Zəfər parkında davam etdirilib. Burada abidənin önünə əklil və gül dəstələri qoyulub, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.
Ziyarət zamanı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları və sosial vəziyyəti ilə maraqlanıb./Globalinfo.az








