ABŞ ilə Braziliya arasında diplomatik gərginlik yeni mərhələyə keçib. Vaşinqtonun diplomatik viza mübahisəsi və səfir təyinatı ilə bağlı yaranmış fikir ayrılığı səbəbindən Braziliyanın ABŞ-dakı səfiri Maria Luiza Ribeiro Viottinin vizasını ləğv etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasına görə, qərar Braziliyanın ötən ay iki amerikalı diplomata viza verməkdən imtina etməsinə və Prezident Donald Trampın Braziliyaya səfir vəzifəsinə namizədinin təsdiq prosesinin dayandırılmasına cavab olaraq, qarşılıqlılıq prinsipi əsasında qəbul edilib.
Associated Press agentliyinə danışan Dövlət Departamentinin rəsmiləri bildiriblər ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın hökumətinə məsələni həll etmək üçün əlavə vaxt verilməsi məqsədilə qərarın icrası bir neçə dəfə təxirə salınıb. Lakin gözlənilən addımlar atılmadığı üçün qərar qüvvəyə minib.
Rəsmilərin sözlərinə görə, Braziliya Trampın səfir namizədini qəbul edərsə və müvafiq addımlar atarsa, vizanın ləğvi qərarı qısa müddətdə geri götürülə bilər.
ABŞ tərəfi, həmçinin, səfir Viottinin vizasının ləğv edilməsinə baxmayaraq, onun ölkədən deportasiya olunmadığını vurğulayıb.
Qeyd edək ki, Braziliya hökumətinin Prezident Donald Trampın səfir təyinatını 4 oktyabr seçkilərindən sonraya qədər təxirə salması iki ölkə arasında diplomatik münasibətlərdə gərginliyin artmasına səbəb olmuşdu.
Aytən Yaşar/ Turkustan.az