İsrailin Baş naziri Binyamin Netanyahunun bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüş öncəsi İrandan qaynaqlanan təhlükəsizlik narahatlıqları səbəbindən ölkəni ciddi təhlükəsizlik tədbirləri altında və gizli şəkildə tərk etdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, bu barədə İsrailin Channel 12 televiziya kanalı məlumat yayıb.
Məlumata görə, Netanyahunun ABŞ-a beş aydan sonra həyata keçirdiyi ilk səfər ərəfəsində görünməmiş təhlükəsizlik tədbirləri görülüb. İrandan gələn mümkün təhlükə səbəbindən baş nazirin təyyarəsinin uçuş vaxtı və marşrutu məxfi saxlanılıb.
Xəbərdə bildirilir ki, Netanyahunun təyyarəsi Tel-Əvivdəki Ben-Qurion Beynəlxalq Hava Limanından deyil, İsrail Hərbi Hava Qüvvələrinə məxsus Beerşebadakı Nevatim aviabazasından havaya qalxıb.
İddialara görə, bu addım İrandan gələ biləcək mümkün təhlükələrin qarşısını almaq məqsədilə həyata keçirilən xüsusi təhlükəsizlik tədbirlərindən biri olub.
Aytən Yaşar/ Turkustan.az