Avropada ölüm saçan istilər: Qurbanların sayı artır


İyun ayında Fransa, Belçika və Niderland ərazisində müşahidə olunan anomal istilər nəticəsində 3 700-dən çox ölüm qeydə alınıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Reuters" rəsmi qurumların və tədqiqatçıların hesabatlarına əsaslanaraq məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, iyunun 20-28-i aralığında davam edən ekstremal hava şəraiti Avropa tarixində qeydə alınan ən şiddətli istilərdən biri olub.

Fransanın səhiyyə naziri Stefani Rist ölkədə 2 025 ölüm halının rəsmiləşdiyini vurğulayıb. Xüsusən 45 yaşdan yuxarı şəxslər arasında itkilər daha çox olub.

Rəsmilər yekun statistikanın daha da arta biləcəyini qeyd edirlər.

Belçika Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, 18-29 iyun tarixlərində 1 200-ə yaxın ölüm faktı qeydə alınıb. Həyatını itirənlərin 530 nəfəri 85 yaşdan yuxarı, 180 nəfəri isə 65 yaşdan aşağı olan şəxslərdir. Nazirlik bu durumu "görünməmiş hal" adlandırıb.

Agentliyin məlumatında qeyd olunur ki, Niderlandda istilər 480 nəfərin ölümünə yol açıb və onların əksəriyyəti 80 yaşdan yuxarı olan insanlardır.

Alimlərin fikrincə, ekstremal isti havaya iqlim dəyişikliyi səbəb olub. Bu, enerji təchizatında pozuntulara, infrastrukturun zədələnməsinə və səhiyyə sistemlərinin həddən artıq yüklənməsinə gətirib çıxarıb. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ