Amerikanın Forbes jurnalı dünyanın ən varlı iş adamlarının siyahısını yeniləyib.
Turkustan.az xəbər verir ki, “Forbes” jurnalı dünyanın ən varlı milyarderlərinin yenilənmiş siyahısını dərc edib.
Reytinqin lideri
2026-cı il iyulun 1-nə olan məlumata əsasən, dünyanın ən varlı insanı yenə də İlon Maskdır. Forbes onun sərvətini 1,053 trilyon ABŞ dolları qiymətləndirib. Bununla da iş adamı tarixdə sərvəti 1 trilyon dolları ötən ilk şəxs olub.
SpaceX və Tesla şirkətlərinin təsisçisi İlon Mask dünyanın ən varlı insanları siyahısında birinci pillədə qalmağı bacarıb. Forbesun hesablamalarına görə, onun sərvəti son bir ay ərzində 218 milyard dollar artıb. Maskın sərvətinin əsas hissəsini iyun ayında Nasdaq birjasında IPO keçirən SpaceX şirkətindəki payı təşkil edir.
Reytinqdə ikinci yeri Google şirkətinin həmtəsisçisi Larri Peyc tutur. Onun sərvəti 291 milyard dollar qiymətləndirilir. Üçüncü pillədə isə digər Google həmtəsisçisi Sergey Brin qərarlaşıb. Onun sərvəti 269 milyard dollar təşkil edir.
İlk beşliyi həmçinin Amazonun təsisçisi Ceff Bezos (249 milyard dollar) və Dell Technologies şirkətinin yaradıcısı Maykl Dell (235 milyard dollar) tamamlayır.
İlk onluğa daxil olanlar
Altıncı yerdə Meta şirkətinin təsisçisi Mark Zukerberq qərarlaşıb. O, son bir ay ərzində bir pillə irəliləyərək Larri Ellisonu geridə qoyub. Forbes onun sərvətini 194 milyard dollar qiymətləndirir. Zukerberqin sərvətinin əsas mənbəyi Meta şirkətidir. Şirkətə Facebook, Instagram və WhatsApp sosial platformaları daxildir. Meta 2012-ci ildə birjaya çıxıb və sahibkar hazırda da şirkətin səhmlərinin təxminən 13 faizinə sahibdir.
Bu ilin fevral ayında Mark Zukerberq və həyat yoldaşı Prissilla Çan Milanda keçirilən Prada moda nümayişində ön sırada görüntüləniblər. KİV-in məlumatına görə, Meta və Prada premium seqmentə aid ağıllı eynəklərin hazırlanması üzərində birgə çalışırlar.
Yeddinci pilləyə Oracle şirkətinin həmtəsisçisi Larri Ellison enib. O, ötən ilin sentyabrında qısa müddət ərzində sərvəti 400 milyard dolları ötən tarixdə ikinci şəxs olmuşdu. Hazırda isə onun sərvəti 192 milyard dollar səviyyəsində qiymətləndirilir.
Ötən ilin avqustunda Larri Ellison oğlu Devid Ellisonla birlikdə Paramount və Skydance Media şirkətlərinin birləşməsinin təşkilində mühüm rol oynayıb. Hazırda Ellison ailəsi daha böyük bir sövdələşmədə – Paramount tərəfindən Warner Bros. Discovery media holdinqinin 111 milyard dollara alınması prosesində iştirak edir.
Səkkizinci yerdə Nvidia şirkətinin həmtəsisçisi Censen Huanq qərarlaşıb. Onun rəhbərliyi ilə Nvidia tarixdə bazar dəyəri 5 trilyon dollara çatan ilk şirkət olub. Sahibkarın sərvəti hazırda 173 milyard dollar təşkil edir və o, şirkətin səhmlərinin təxminən 3 faizinə sahibdir.
Huanqın rəhbərliyi dövründə Nvidianın qrafik prosessorları əvvəlcə kompüter oyunları bazarında liderə çevrilib, daha sonra isə süni intellekt infrastrukturunun əsas komponentlərindən biri olub.
Doqquzuncu pillədə LVMH konserninin rəhbəri Bernar Arno qərarlaşıb. O, hələ 2024-cü ildə dünyanın ən varlı insanı idi. Hazırda onun sərvəti 147,9 milyard dollar qiymətləndirilir.
Bernar Arnonun atası sərvətini tikinti biznesində qazanıb. Arnonun özü isə ailəsinin 15 milyon dollarlıq vəsaiti hesabına Christian Dior şirkətinə investisiya etməklə biznes fəaliyyətinə başlayıb. Sonradan o, Louis Vuitton, Christian Dior, Moët & Chandon, Sephora, Tiffany & Co. və digər təxminən 75 brendi birləşdirən dünyanın ən böyük lüks məhsullar imperiyasını yaradıb.
İlk onluğu Berkshire Hathaway şirkətinin rəhbəri Uorren Baffet tamamlayır. O, son bir ayda 11-ci pillədən 10-cu yerə yüksəlib. Hazırda onun sərvəti 147,8 milyard dollar təşkil edir.
Uorren Baffet tarixin ən uğurlu investorlarından biri hesab olunur. O, ilk səhmlərini 11 yaşında, ilk vergi bəyannaməsini isə 13 yaşında təqdim edib. Baffet sərvətinin 99 faizini xeyriyyə məqsədlərinə bağışlayacağını vəd edib.
Forbesun məlumatına görə, o, indiyədək əsasən Qeyts Fonduna, övladlarının xeyriyyə fondlarına və mərhum birinci həyat yoldaşının yaratdığı fonda ümumilikdə 68 milyard dollar ianə edib.
Dünyanın ən varlı qadını
Dünyanın ən varlı qadını olaraq Elis Uolton liderliyini qoruyur. Forbes 2026-cı il iyulun 1-nə olan məlumata görə, onun sərvətini 121 milyard dollar qiymətləndirib.
Walmart şirkətinin təsisçisi Sem Uoltonun qızı olan Elis Uolton dünya milyarderləri siyahısında 16-cı yerdə qərarlaşıb. Onun sərvətinin əsas mənbəyi Walmart şirkətində miras qalmış payıdır. /modern.az/