Kahramanmaraşda məktəbə hücumun sifarişi xaricdən gəlibmiş... – SENSASİON DETALLAR


Türkiyənin Kahramanmaraş şəhərində 9 şagird və 1 müəllimin ölümü ilə nəticələnən məktəb hücumu ilə bağlı yeni detallar ortaya çıxıb.

Turkustan.az “Haberler”ə istinadla xəbər verir ki, TBMM-nin araşdırma komissiyasına təqdim olunan hesabata görə, hücumu törədən 14 yaşlı İsa Aras Mersinlinin hadisədən əvvəl Telegram üzərindən görüntülü söhbət açdığı və qətliamı canlı yayımlamış ola biləcəyi ehtimal edilir.

Məlumata əsasən, yeniyetmə məktəbə daxil olduqdan sonra silahları hazırlayıb, daha sonra görüntülü söhbətin açıq olduğu telefonu məktəbin dəhlizində radiatorun üzərinə qoyaraq tənəffüsü gözləyib.

Polis tərəfindən aparılan rəqəmsal ekspertiza zamanı hücumdan dərhal əvvəl onun istifadə etdiyi Telegram hesabında qrup şəklində görüntülü danışıq təşkil edildiyini göstərən izlər aşkarlanıb. Hesabatda telefonun istifadə forması və qulaqlıqdan istifadənin canlı yayım və ya görüntülü söhbət ehtimalını gücləndirdiyi qeyd olunub.

Araşdırma zamanı görüntülü söhbətə xarici ölkələrdən qoşulan istifadəçilər də müəyyən edilib. Onlardan birinin Belçikadan, digərinin isə İngiltərədən olduğu bildirilib.

İddialara görə, İngiltərədə yaşayan bir yeniyetmə məktəbinin planını hücumçuya göndərərək oxşar hadisə törətmək istədiyini bildirib və məsləhət istəyib. Türkiyə tərəfinin məlumatı əsasında həmin şəxs İngiltərədə saxlanılıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, 2026-cı ilin mayında Kahramanmaraşda 14 yaşlı şagird İsa Aras Mersinlinin törətdiyi silahlı hücum nəticəsində 9 şagird və 1 müəllim həlak olmuş, hadisə Türkiyədə son illərin ən ağır məktəb faciələrindən biri kimi yadda qalmışdı./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ