Suriyanın Energetika Nazirliyi Türkiyədən həyata keçirilən iri həcmli su buraxılışları və güclü mövsümi yağışlar səbəbindən Fərat çayında su səviyyəsinin kəskin və “misli görünməmiş” həddə yüksəldiyini açıqlayıb.
Turkustan.az AFP-yə istinadən xəbər verir ki, ölkənin şimal və şərq vilayətlərində fövqəladə hazırlıq rejimi elan olunub.
Suriya hökumətinin məlumatına görə, xüsusilə Deyr əz-Zor, Rakka və Hələb vilayətlərində vəziyyət ağırlaşıb. Bir sıra şəhər və kənd əraziləri su altında qalıb, körpülər, əkin sahələri və yaşayış evləri ciddi ziyan görüb.
Suriyanın Energetika Nazirliyi bildirib ki, ölkədəki su anbarlarında suyun səviyyəsi demək olar ki, kritik həddə çatıb. Bu səbəbdən Fərat bəndi vasitəsilə iri həcmdə suyun axıdılması davam etdirilir.
Qeyd olunub ki, ötən gün bəndin suqəbuledici qapılarının açılması ilə bağlı görüntülər yayımlanıb. Bildirilir ki, həmin qapılar təxminən 40 ildir istifadə olunmurdu. Yerli sakinlərə çay boyunca təhlükəli ərazilərdən uzaq durmaq tövsiyə edilib.
Deyr əz-Zorda torpaq körpünün su altında qaldığı, bir neçə digər keçidin isə sel səbəbindən sıradan çıxdığı bildirilib.
Suriya tərəfi vəziyyəti Türkiyədən gələn su axınının qəfil artması ilə əlaqələndirib. Dəməşq rəsmilərinin sözlərinə görə, buna səbəb güclü yağıntılar və Türkiyədəki Fərat bəndlərinin qapılarının açılması olub.
Türkiyə KİV-i isə xəbər verib ki, ölkənin ən böyük hidrotexniki qurğularından biri olan Atatürk bəndində su anbarında səviyyənin yüksəlməsi səbəbindən nəzarətli su buraxılışı həyata keçirilib. Məlumata görə, güclü yağışlardan sonra bəndin suqəbuledici qapıları son 7 ildə ilk dəfə açılıb.
Qeyd edək ki, Atatürk bəndi Türkiyənin ən iri enerji və suvarma layihələrindən biri hesab olunur və Suriya sərhədi yaxınlığındakı bölgələrin enerji təminatında mühüm rol oynayır./publika.az