ABŞ prezidenti Donald Trump 8 il yarımdan sonra ilk dəfə Çinə səfər edib.
Turkustan.az xəbər verir ki,Ağ Evin açıqlamasına görə, Tramp Pekində yerləşən Cənnət məbədini ziyarət edəcək.
Trampın proqramında rəsmi mərasimlər, qəbul və ikitərəfli görüşlərlə yanaşı, Cənnət Məbədinə səfərin yer alması simvolik məna daşıyır.
XV əsrdə inşa edilən bu tarixi abidə Çin sivilizasiyasının kosmik nizam və siyasi hakimiyyət anlayışını memarlıqda əks etdirən ən mühüm nümunələrdən biri hesab olunur.
Məbəd kompleksi düz və bucaqlı formalarla Yer kürəsini, dairəvi elementlərlə isə göyləri simvolizə edir. Bu memarlıq üslubu qədim Çin fəlsəfəsində yer üzündəki nizamla ilahi kosmik nizam arasındakı harmoniyanı ifadə edir.
Minq və Tsin sülalələri dövründə imperatorlar hər il məhsul mövsümündən əvvəl bol bərəkət arzusu ilə burada dini mərasimlər keçirirdilər. Həmin mərasimlərdə imperator göylərlə yer arasında vasitəçi hesab olunurdu.
İnanclara görə, hökmdar bu harmoniyanı qoruya bilmədikdə “səmaların mandatı”nı itirə və hakimiyyətdən məhrum ola bilərdi.
Ekspertlər hesab edirlər ki, dünyada geosiyasi gərginliyin artdığı bir dövrdə Trampın məhz Cənnət Məbədini ziyarət etməsi Çinin ABŞ-la münasibətlərdə harmoniya və əməkdaşlıq mesajı vermək istədiyini göstərir.
Pekinin cənub-şərqində yerləşən açıq hava muzeyi Trampın səfəri ilə əlaqədar bu gün və sabah ziyarətçilər üçün bağlanacaq.
Aytən Yaşar/ Turkustan.az