“ABŞ Prezidenti Donald Trampın ən yaxın silahdaşları Cared Kuşner və Stiv Uitkoff İranla atəşkəs danışıqları aparmaq üçün gizli diplomatik işlərə başlayıblar”.
Turkustan.az xəbər verir ki, bu barədə “Axios” portalı Ağ Ev mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Tehran üçün 6 maddəlik şərtlər siyahısı hazırlanıb:
– Raket proqramı 5 il müddətinə tamamilə dayandırılacaq.
– Uran zənginləşdirmə fəaliyyətlərinin dayandırılması (sıfır zənginləşdirmə).
– Nətənz, İsfahan və Fordo nüvə obyektlərinin istismardan çıxarılması.
– Nüvə maşınlarının istehsalı və istifadəsinə ciddi xarici nəzarət.
– Region ölkələri ilə raketlərin sayını 1000 ilə məhdudlaşdıran silah nəzarəti müqaviləsi.
– “Hizbullah”, husilər və “HƏMAS” kimi proksi qruplara maliyyənin kəsilməsi.
Qeyd olunub ki, İran tərəfi sülhün şərtləri olaraq atəşkəs, təcavüzkarlığa qarşı zəmanət və müharibə zərərlərinin ödənilməsini tələb edir:
“Trampın komandası hazırda iki fundamental suala cavab axtarır: İranda kiminlə masa arxasında oturacaqlar və vasitəçi kim olacaq? ABŞ rəsmiləri İranın xarici işlər naziri Abbas Əraqçiyə qərar qəbul edən şəxs kimi deyil, “faks aparatı” kimi baxır və birbaşa nəticə verə biləcək şəxslərə çatmağa çalışırlar. Digər tərəfdən, Vaşinqton Qətəri əsas vasitəçi kimi danışıqlar masasına gətirmək istəyir”.
ABŞ tərəfi müharibənin sona çatması ilə bağlı hər hansı bir razılaşmanın Hörmüz boğazının qeyd-şərtsiz açılmasını da əhatə etməli olduğunu vurğulayaraq, İranın danışıqlar masasına gələcəyinə inanır.
Paralel olaraq, İranın yüksək vəzifəli rəsmisi “Əl-Mayadeen”ə müsahibəsində Tehranın yeni hüquqi və strateji çərçivədə altı əsas şərt irəli sürdüyün deyib. Həmin maddələr belədir:
– Müharibənin yenidən başlamasının qarşısını almaq üçün zəmanətlər
– Bölgədəki ABŞ hərbi bazalarının bağlanması
– İslam Respublikasına kompensasiya ödənişi
– Bütün regional cəbhələrdə müharibələrin dayandırılması
– Hörmüz boğazı üçün yeni hüquqi çərçivənin yaradılması
– İrana düşmən olan media nümayəndələrinin təqibi və ekstradisiyası.
/Globalinfo.az