Kanadanın Baş naziri Mark Karni ölkəsinin Yaxın Şərqdəki müharibədə mümkün iştirakını tam istisna etmədiyini bildirib.
Turkustan.az "Aljazeera"yə istinadla xəbər verir ki, o, bu haqda Kanberrada Avstraliyanın Baş naziri Entoni Albaneze ilə birgə çıxışı zamanı danışıb.
Kanadanın müharibəyə qoşulmasının mümkün olub-olmadığı barədə suala cavab verən Karni, bunun hipotetik məsələ olduğunu vurğulayıb. “Bunu heç vaxt qəti şəkildə istisna etmək olmaz”, - deyə o bildirib.
Baş nazir əlavə edib ki, Kanada müttəfiqlərinin yanında olacaq və hər zaman öz vətəndaşlarını müdafiə edəcək.
Karni daha əvvəl ABŞ və İsrailin İrana endirdiyi zərbələri “müəyyən təəssüf hissi ilə” dəstəklədiyini, lakin bunun dünya nizamının sarsıldığını göstərən ekstremal nümunə olduğunu deyib. O, həmçinin qeyd edib ki, Kanada ABŞ və İsrailin İrana hücumu barədə əvvəlcədən məlumatlandırılmayıb və bu əməliyyatda iştirak etməyə dəvət olunmayıb.
Baş nazir bildirib ki, ilk baxışdan bu hücumlar beynəlxalq hüquqa uyğun görünmür. Karni əlavə edib ki, ABŞ və İsrail hücumları həyata keçirərkən BMT ilə məsləhətləşməyib və müttəfiqlərlə, o cümlədən Kanada ilə də bu məsələni müzakirə etməyib. Eyni zamanda o, İranda mülki əhaliyə qarşı zərbələri pisləyərək, bütün tərəfləri beynəlxalq qaydalara riayət etməyə çağırıb./publika.az