Ermənistan dəmir yollarının idarəçiliyinin Rusiyadan alınması məsələsində israrlı olan rəsmi İrəvan bu prosesi Moskva ilə qarşıdurma həddinə çatdırmadan həll etməyin yollarını axtarır.
Turkustan.az Publika.az-a istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət öncə problemin həllində yeni təşəbbüslə çıxış edib.
Paşinyan təklif edir ki, Rusiyanın inhisarında olan dəmir yollarının idarəçiliyi həm İrəvan, həm Moskvaya yaxın olan üçüncü ölkəyə verilsin. Erməni baş nazirin fikrincə, Rusiyanın dəmir yollarında idarəetmə modeli Ermənistanın tranzit məsələsində rəqabət qabiliyyətliyini azaldır. Buna görə Qazaxıstan, Qətər, yaxud Birləşmiş Ərəb Əmirliklərinin Rusiyanı əvəzləməsinin mümkünlüyünü irəli sürüb.
Ermənistanda iddia edilir ki, hakimiyyətin bu addımı Bakının istəklərinə uyğundur. Politoloq Tiqran Qriqoryan bu iddia üzərində xüsusilə dayanır.
O bildirib ki, Rusiya tərəfi əvvələr dəmir yolunun sıradan çıxmış hissələrinin bərpası ilə bağlı danışıqların başlandığını açıqlamışdı, lakin görünür, bu mərhələdə Moskvanın öhdəlik götürmək istəyi İrəvan üçün kifayət etmir.
“Fikrimcə, bu, üçüncü tərəfin investisiyaları, yaxud Azərbaycanda dəmir yolunun bərpası üçün mümkün dəstək, xüsusilə Naxçıvandakı hissənin modernləşdirilməsi ilə bağlıdır. Çünki Avropa İttifaqı Naxçıvanın dəmir yolu xətlərinin bərpasına və Ermənistan dəmir yolları ilə birləşməsinə investisiya qoymaq fikrini açıqlayıb. Lakin Avropa Birliyinin investisiya qoyacağı dəmir yollarına Rusiya tərəfindən nəzarət edilməsi məsələni çətinləşdirir.
Paşinyanın açıqlamaları, xüsusilə Rusiyanın mövcud nəzarətinin Ermənistan üçün rəqabətqabiliyyətli olmaması, yeni imkanların qarşısını aldığı haqda dedikləri də bundan qaynaqlanır. Ona görə İrəvan üçüncü tərəflərin istək və tələbi ilə dəmir yollarında Rusiya idarəçiliyinə son qoymaq niyyətindədir”, - erməni politoloq iddia edib.