Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya hələ də ABŞ-dan Yeni Strateji Silahların Azaldılması Müqaviləsinə (Yeni START) müddəti bitdikdən sonra bir il ərzində riayət etmək təklifi ilə bağlı cavab almayıb.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Peskov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin əvvəllər ABŞ-la Yeni START Müqaviləsinə müddəti bitdikdən sonra bir il ərzində əməl etməyi təklif etmişdi. Müqavilənin müddətinin 5 fevralda başa çatacağını qeyd edərək, "ABŞ-dan təklifimizə cavab almamışıq. Müqavilənin müddəti başa çatmaq üzrədir" deyib.
Peskov qeyd edib ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl yeni bir razılaşmanın hazırlana biləcəyini bildirmişdi və sözlərini belə davam etdirib:
"Gələcəkdə nələrin baş verəcəyini görəcəyik. Yeni bir müqavilənin hazırlanması uzun çəkəcək. Bu, çətin olacaq, çünki bir çox amillər var. ABŞ bu müqaviləni uzatmamaq qərarına gələrsə, bu sahədə hüquqi boşluqlar yaranacaq. Bu, nə hər iki ölkənin xalqının, nə də bütün dünyanın maraqlarına uyğun olmayan ciddi bir çatışmazlıq olardı. Çünki burada qlobal strateji sabitlik təhlükə altındadır."
Aytən Yaşar/ Turkustan.az