Yeni qərar verildi: Bakıdan Sumqayıta taksi qiyməti 50 manatdan baha oldu - FOTOFAKT


Bakı-Sumqayıt şəhərləri arasında taksi qiymətlərində son bir neçə gündə artım müşahidə olunur.

Turkustan.az Qaynarinfo-ya istinadən xəbər verir ki, günün pik saatlarında birtərəfli gedişhaqqı bəzi hallarda 50 manatı ötür. Bu isə sərnişinlər arasında ciddi narazılığa səbəb olub.

Sərnişinlərin sözlərinə görə, əvvəllər məsafədən asılı olaraq 9-20 manat aralığında başa gələn bu yol indi ən yaxşı halda 18-30 manata yüksəlir.

Taksi sürücüləri isə qiymət artımına səbəb kimi qanunda edilən dəyişikliyi əsas gətirərək, bildirirlər ki, yeni qaydalara əsasən, Bakı və ya Sumqayıtda qeydiyyatda olan taksilər getdikləri şəhərdə fəaliyyət göstərə bilmir. Yəni sürücü sərnişini digər şəhərə çatdırdıqdan sonra sifariş qəbul etmək imkanını itirir və sistemdən çıxarılır. Nəticədə sürücülər geri dönüşü boş etdiklərinə görə bu marşrut üzrə qiymətlər taksi şirkətləri tərəfindən artırılıb:

"Biz əraziyə çatdıqda, sistem avtomatik bağlanır, məcbur olaraq, ərazidə kənar çıxıb ya bir müddət gözləməliyik, ya da geriyə boş maşınla dönməliyik. Bu isə sürüclərə sərf etmir. Ona görə də bir çox halda sərnişin götürməkdən imtina edirik".

Nəqliyyat üzrə ekspertlər isə qeyd edir ki, Bakı, Sumqayıt və Xırdalan artıq inzibati baxımdan fərqli olsa da, faktiki olaraq vahid şəhər mühiti - Bakı aqlomerasiyası kimi fəaliyyət göstərir. Hər gün bu istiqamətlərdə on minlərlə insan fərqli məqsədlərlə hərəkət edir. Ona görə də bu yanaşma real şəhərsalmaya və gündəlik mobillik ehtiyaclarına uyğun deyil. Bütün bunların fonunda isə bu qərar qiymətlərə də təsiri qaçılmaz edəcək. Mövcud vəziyyət uzunmüddətli olarsa, bu, yalnız şəhərlərarası deyil, şəhərdaxili taksi qiymətlərinə də təsir göstərəcək. Onların proqnozlarına görə, yaxın bir neçə gün ərzində də şəhər daxili taksi qiymətlərində də 1-2 manatlıq artım müşahidə oluna bilər. Bu isə taksidən istifadə edənlərin sayının azalmasına və qeyri-rəsmi fəaliyyətin artmasına yol aça bilər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə (o cümlədən, müvafiq buraxılış kartı qaydalarına) əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında (icazədə) göstərilən xidmət ərazisi daxilində həyata keçirilməlidir. Həmin ərazi hüdudlarından kənarda daşımaların aparılması inzibati məsuliyyət yaradır. Yəni, taksi fəaliyyəti (buraxılış kartı) ilə bağlı icazə sənədində qeyd olunan ərazidən (məsələn, Bakı şəhəri və ya konkret region) kənara çıxmaq qadağandır.

Bu tələbin pozulması müvafiq cərimələrin tətbiqinə səbəb olur.

Bu dəyişikliyin məqsədi kimi taksi fəaliyyətini nizamlamaq, şəhərlərarası və şəhərdaxili daşımaları sənədləşdirmək və təhlükəsizliyi təmin etmək nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ