Erməni tarixçi Areq Savqulyan Baş nazir Nikol Paşinyanın 2016-cı ilin Aprel müharibəsi dövründəki roluna dair iddialar irəli sürüb.
Turkustan.az xəbər verir ki, o bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Savqulyanın sözlərinə görə, Paşinyan həmin dövrdə özünü “Mülki Müqavilə”yə bağlı könüllülərdən ibarət dəstənin komandiri kimi təqdim edərək, hərbi xidmətdə olmaması ilə bağlı boşluğu doldurmağa çalışıb. Tarixçi bildirir ki, bu təqdimat sonradan təbliğat məqsədilə geniş istifadə olunub, çünki Paşinyan gələcəkdə Ali Baş Komandan olmağa hazırlaşırdı.
A.Savqulyan qeyd edir ki, 2016-cı ilin əsas hərbi əməliyyatları 1–4 aprel tarixlərində baş versə də, ümumi hərbi gərginlik mayın sonuna qədər davam edib. Həmin müddətdə könüllülərin cəlb olunması prosesi aparılıb və Paşinyanın da özünü bu kontekstdə ön plana çıxardığı iddia olunur.
Tarixçi həmçinin Nikol Paşinyanın özünü Aprel müharibəsinin iştirakçısı kimi təqdim etməsini tənqid edərək, bunun ictimaiyyətdə çaşqınlıq yaratdığını bildirib.
Savqulyan iddialarını təsdiqləyən sənədin mövcud olduğunu qeyd edib. /Globalinfo.az/