ABŞ Prezidenti Donald Trampın administrasiyası Qrenlandiyanın alınması ilə bağlı bir sıra variantları müzakirə edir. Bu zaman ABŞ Silahlı Qüvvələrindən istifadə ehtimalı da istisna edilmir.
Turkustan.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt CNN-ə bildirib.
Onun sözlərinə görə, Tramp Qrenlandiyanı ABŞ-nin milli təhlükəsizliyi üçün prioritet və Arktika bölgəsində rəqiblərin qarşısının alınmasında əsas element hesab edir.
“Prezident və komandası bu mühüm xarici siyasət məqsədinə çatmaq üçün müxtəlif variantları müzakirə edir. Əlbəttə, ABŞ Silahlı Qüvvələrindən istifadə həmişə Ali Baş Komandanın sərəncamında olan vasitələrdən biri olaraq qalır”, - Levitt vurğulayıb.
Bəyanat dövlət katibi Marko Rubionun Konqres üzvlərinə Danimarkanın yarımuxtar ərazisi olan Qrenlandiyanın alınması imkanını ciddi şəkildə nəzərdən keçirildiyini bildirməsindən sonra verilib.
Mənbələrin məlumatına görə, Dövlət Departamenti Rubionun komandasının tələbi ilə Qrenlandiyanın təbii ehtiyatları, xüsusilə nadir torpaq elementləri ilə bağlı təhlil hazırlayıb.
Trampın özü dəfələrlə açıq şəkildə Qrenlandiyanın strateji əhəmiyyətini vurğulayıb: “Qrenlandiya bizə milli təhlükəsizlik baxımından lazımdır, Danimarka bunu təmin edə bilməyəcək”.
ABŞ Prezidenti daha əvvəl belə demişdi: “Bu və ya digər yolla, buna nail olacağıq”.
ABŞ-nin mesajları Avropada kəskin reaksiya doğurub. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Polşa və Danimarka liderləri Kopenhagenə dəstək ifadə edərək, Arktikada təhlükəsizliyin NATO çərçivəsində birgə təmin edilməli olduğunu vurğulayıblar. Danimarka Baş naziri Mette Frederiksen xəbərdarlıq edib ki, ABŞ-nin Qrenlandiyaya mümkün hərbi təzyiqi faktiki olaraq NATO-nu dağıda bilər./teleqraf