İsrail və Suriya arasında rabitə mexanizmi yaradıldı


ABŞ Dövlət Departamenti İsrail və Suriya arasında gərginliyin azaldılması və münasibətlərin sabitləşdirilməsi məqsədi daşıyan "birgə kommunikasiya mexanizmi"nin yaradıldığını elan etdi.

Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamenti ABŞ, İsrail və Suriya tərəfindən birgə imzalanan razılaşma ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanata görə, İsrail və Suriyanın yüksək vəzifəli rəsmiləri ABŞ-ın himayəsi altında Parisdə iki ölkə arasındakı münasibətlərlə bağlı məsələləri müzakirə etmək üçün bir araya gəliblər.

Danışıqlardan sonra İsrail və Suriya "hər iki ölkə üçün davamlı təhlükəsizlik və sabitlik tənzimləmələrinin yaradılması üçün səyləri davam etdirmək" öhdəliklərini bir daha təsdiqlədilər.

Birgə bəyanatda aşağıdakı qeydlər yer alıb:

"Bu kontekstdə, iki ölkə kəşfiyyat paylaşımı, hərbi gərginliyin azaldılması, diplomatik münasibətlər və ticarət imkanları üzrə ABŞ-ın nəzarəti altında təcili və davamlı koordinasiyanı asanlaşdırmaq üçün birgə kommunikasiya mexanizmi yaratmaq qərarına gəliblər. Bu mexanizm hər hansı fikir ayrılıqlarını dərhal həll etmək və anlaşılmazlıqların qarşısını almaq üçün platforma rolunu oynayacaq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ