“İranda hakimiyyət dəyişikliyi xalqın öz əli ilə baş verəcək. Bunun üçün Venesuela tipli müdaxiləyə ehtiyac yoxdur”.
Turkustan.az xəbər verir ki, bunu İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi “The Wall Street Journal”a müsahibəsində deyib.
Pəhləvi İranda baş verən ümumxalq etirazlarına da toxunub:
“Bu, indiyədək gördüyümüz ən genişmiqyaslı və ən güclü hərəkatdır, 100-dən çox şəhər, 20-dən artıq vilayəti əhatə edir. Misilsiz vəziyyətdir. Bu, əldən verilməməli olan qızıl fürsətdir”.
ABŞ-nin İranda Venesuelada etdiyi kimi etməli olub-olmaması, ölkənin Ali dini rəhbəri Əli Xameneinin ələ keçirilməsi və mühakimə edilməsi barədə suala cavab olaraq keçmiş şahzadə bildirib:
“Düşünmürəm ki, belə bir addım zəruri olsun. Xarici müdaxilə məsələsi gündəmdə deyil. Çünki rejimin özü artıq dağılma mərhələsindədir, ən zəif durumundadır. İranlılar küçələrdədir, təkcə iqtisadi səfalətə etiraz etmirlər, açıq şəkildə bu rejimin getməsini tələb edirlər. Düşünmürəm ki, son 46 ildə İran xalqı tərəfindən bu qədər açıq, aydın və genişmiqyaslı tələb səsləndirilib.
Bu gün fərqli olan məqam budur ki, bu dəfə işi sona çatdırmaq və bu rejimdən xilas olmaq üçün real fürsət yaranıb. Demək olar ki, bütün şərtlər formalaşıb, müxtəlif səviyyələrdə bu rejimin devrilməsi üçün şərait var”.
Rza Pəhləvi İran hakimiyyətinin parçalandığını da iddia edib:
“Hazırda rejim xaos içindədir. Daxili parçalanma və ixtilaflar artıb. İstefalar, kadr itkiləri çoxalıb. Üstəlik, iqtisadi vəziyyət fəlakətlidir. Milli valyutanın dəyəri tarixin ən aşağı səviyyəsinə düşüb. Xalq partlayış nöqtəsinə çatıb. Su qıtlığı var. Hətta paytaxtın Tehrandan başqa yerə köçürülməsi təklif olunur, çünki su yoxdur. İnsanlar deyirlər ki, çox gec olmadan ölkəmizi geri almalıyıq”.
Müsahibənin başqa bir hissəsində o qeyd edib ki, 65 yaşında olmasına baxmayaraq, gənc iranlılar onu “ata” adlandırırlar və bu ləqəbi eşidilə biləcək ən gözəl söz hesab edir:
“Mən bu rola çox inanıram. Millətin xidmətçisi, millətin atası kimi mənim təbii rolum hər bir atanın övladları üçün etdiyi işi görməkdir: onların yanında olmaq, yol göstərmək, məsləhət vermək, onların yerinə qərar vermək yox, ən doğru qərarı vermələrinə kömək etmək. Onlar mənim təcrübəmə güvənə bilərlər, bilməlidirlər ki, mənim şəxsi marağım yoxdur, yalnız İranın maraqları var.
Düşünürəm ki, iranlılar yenidən öz yollarını tapırlar və mən kömək etmək üçün buradayam. Öz istəkləri ilə bu keçidə rəhbərlik etmək üçün irəli çıxmışam. Məncə, onlar anlayıblar ki, mənim rolum təbii roldur və bu rol İranın gələcəkdə monarxiya və ya respublika olmasından xeyli üstündür. Məsələ bu deyil. Məsələ öz müqəddəratını təyin etməkdir. Məsələ azadlıqdır. Məsələ ölkəmizi yenidən qurmaqdır”.
Pəhləvi İranda hakimiyyətin dəyişməsi durumuna uyğun olaraq keçid planı hazırladıqlarını açıqlayıb: “Keçid üçün planımız var. Biz istəyirik ki, keçid sakit və gərginlik olmadan baş versin, dünya bu rejimin süqutundan sonra xaosdan narahat olmasın”.
Özünü İranın gələcək şahı kimi görüb-görməməsi barədə suala cavabında o deyib:
“Səmimi cavabım budur ki, hazırda yeganə diqqətim uğurlu demokratik keçidin təmin edilməsidir. Bu prosesə ən yaxşı şəkildə xidmət etmək üçün konkret bir variantdan uzaq durmalı və əksəriyyətin hansı demokratik sistemi istədiyini Konstitusiya prosesinin müəyyən etməsinə imkan verməliyik.
Mənim təklif etdiyim model müvəqqəti, keçid hökumətidir - rejimin getməsindən dərhal sonra başlayacaq mərhələ. Bu dövrdə ölkənin gündəlik işləri idarə olunacaq. Keçid hökuməti sistemi işlək vəziyyətdə saxlayacaq, eyni zamanda gələcək konstitusiya, idarəetmə forması və dinlə dövlətin ayrılığı məsələlərini müzakirə edəcək Təsisçilər Məclisinin formalaşmasına şərait yaradacaq. Məncə, respublikaçılarla konstitusiyalı monarxiya tərəfdarları arasında sağlam dialoq mümkündür.
Yeni hökumət hazırda İran daxilində olan müxtəlif qrupların nümayəndələrindən ibarət olacaq. Onların bir çoxunu təhlükəsizlik səbəbindən hələ açıqlaya bilmərik. Komandam universitet mühitindən olan şəxslər, texnokratlar, bürokratlar və hazırda İran daxilində olan digər insanlarla əlaqədədir. Həmçinin ölkə xaricində, amma iştirak üçün lazımi bilik və bacarıqlara malik şəxslər də olacaq. Qarışıq model olacaq, amma ehtimal ki, əksəriyyət ölkə daxilindən olacaq”.
İrana nə vaxt qayıdacağı sualına cavabında Rza Pəhləvi qeyd edib:
“Ümid edirəm ki, mümkün qədər tez. Orada olmalıyam ki, həmvətənlərimə kömək edim. Bəlli səbəblərə görə indi orada ola bilmirəm, çünki bu rejimin bir nömrəli hədəfiyəm və məni aradan götürməyə çalışırlar. Amma ali məqsəd uğrunda insan canını qurban verməyə hazır olmalıdır. Qardaş-bacılarımla çiyin-çiyinə olmaq və son döyüşləri onlarla birlikdə aparmaq istəyirəm. Fürsət yaranan kimi hərəkətə keçməyə hazıram”./teleqraf