Ekstrasensdən Putin haqda şok proqnozlar - 2026-da...


“Yaşayan Nostradamus” kimi tanınan ekstrasens Atos Salome 2026-cı il üçün proqnoz verib. Onun proqnozlarından biri Rusiya Prezidenti Vladimir Putinlə bağlıdır. 39 yaşlı ekstrasens Kreml liderinin sağlamlığında “nevroloji” böhran olacağını proqnozlaşdırır.

Atos Salome COVİD-19-un yayılması və Kraliça II Yelizavetanın ölümü ilə bağlı proqnozlar da daxil olmaqla, sonradan gerçəkləşən bir neçə proqnoz verdikdən sonra şöhrət qazanıb. O, gələn il üçün proqnozların siyahısını eksklüziv olaraq “Express”lə paylaşıb. Siyahıda Rusiya, Hindistan və Almaniyada qlobal güc dinamikasında dəyişiklik yer alır. Onun sözlərinə görə, bu, “planetin görünməz yenidən qurulmasıdır” (Lent.az).

Salome iddia edir ki, Kremldən “partlayış effektli hadisələr” gözlənilir: “Moskvada Vladimir Putin strateji qərar qəbul etməsinə mane olacaq nevroloji böhranla üzləşir. Putin çox güman ki, sağlamlığına üstünlük verəcək və Patruşev, Şoyqu və Bortnikovun triumviratının 2026-cı ilin may ayına qədər hakimiyyətdə qalmasına yol açacaq”.

Məqalə müəllifləri qeyd edirlər ki, yuxarıda adıçəkilən şəxslər Putinin yaxın adamları hesab olunurlar. Nikolay Patruşev prezidentin rəsmi köməkçisi, Sergey Şoyqu Təhlükəsizlik Şurasının katibi və Rusiya Müdafiə Nazirliyinin keçmiş rəhbəridir. Aleksandr Bortnikov isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorudur.

Qeyd edək ki, il ərzində Rusiya liderinin səhhəti ilə bağlı müxtəlif şayiələr yayılıb. Ölkənin 73 yaşlı liderinin hər hansı bir spesifik sağlamlıq problemindən əziyyət çəkib-çəkmədiyi hələ də məlum deyil. Lakin oktyabr ayında Kreml onun iki həftəlik ictimaiyyətin diqqətindən kənarda qaldıqdan sonra xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

Bəs yerli ekstrasenslər Atos Salomenin proqnozunu bölüşürlərmi?

Mövzu ilə bağlı həm Rusiyada, həm də Azərbaycanda tanınan ekstrasens Zirəddin Rzayev “Yeni Müsavat”a açıqlama verib. O bildirib: “Atos Salomeni tanımıram. O ki qaldı onun koronavirus, Kraliça II Yelizavetanın ölümü ilə bağlı proqnozlarına, hər kəsdən öncə koronavirusla bağlı, həmçinin iki il əvvəldən Yelizavetanın ölümü ilə bağlı proqnozları demişdim. Putinin nevroloji xəstəliyi ilə bağlı proqnozuna gəldikdə, burada da yeni heç bir şey deməyib. Bununla bağlı Rusiya mətbuatında çox geniş yazılar dərc olunub, özünə ekstrasens deyən şəxs də həmin yazılardan özü üçün proqnozlar çıxarıb. Onun dediklərində yeni bir proqnoz yoxdur”.

Qeyd edək ki, Putinin sağlamlığı haqqında tez-tez ekstrasenslər proqnozlar verir. Bu cür proqnozlar xüsusilə xarici media orqanlarında, o cümlədən Britaniya mətbuatında, həmçinin Ukraynadakı bəzi Telegram kanallarında ortaya çıxır. Bununla yanaşı, təkcə ekstrasenslər deyil, bəzi mütəxəssislər də onun ciddi xəstəlik iddiaları, bəzən hətta artıq ölümü ilə bağlı spekulyasiyalar irəli sürürlər. Bu cür spekulyasiyalar həm ictimaiyyət arasında maraq doğurur, həm də xəbərlərin tez-tez sosial mediada paylaşılmasına səbəb olur.

Lakin Rusiya Prezidenti Vladimir Putin və Kreml təmsilçiləri mütəmadi olaraq onun sağlamlıq vəziyyəti ilə bağlı yayılan bütün şayiələri təkzib ediblər. Kremlin açıqlamalarına görə, Putin yaxınlarda tibbi müayinə keçib və ümumi sağlamlığının yaxşı olduğu deyilib. Rəsmi mənbələr belə iddiaları uydurma və yanlış məlumatlar kimi qiymətləndirir və onların əsassız olduğunu vurğulayır.


MANŞET XƏBƏRLƏRİ