Donbass sülh planını pozur: “Bu, Rusiyanın ərazisini genişləndirmək deyil, Ukraynanı daxildən məhv etmək cəhdidir"
ABŞ-ın sülh planı çərçivəsində Ukraynada müharibəyə son qoymaq üçün aparılan danışıqlar Donbassla bağlı dalana dirənib. Bu barədə yüksək rütbəli Avropa rəsmisi “Politico”ya bildirib. Onun sözlərinə görə, “amerikalılar təkid edirlər” ki, Kiyev ələ keçirə bilmədiyi əraziləri Rusiyaya təhvil verərək “bu və ya digər şəkildə” regiondan çıxmalıdır. Ukrayna isə qəti şəkildə buna qarşı çıxır və vurğulayır ki, sülh sazişi bağlanarkən mövcud cəbhə xətti nəzərə alınmalıdır.
Bununla belə, ABŞ razılaşmanı sürətləndirməyə çalışaraq təzyiqlərə davam edir.
"Amerikalıların yanaşması sadədir: Rusiya Ukraynadan əraziləri verməsini tələb edir və onlar buna necə nail olmağı düşünməyə davam edirlər", - rəsmi qeyd edib.
Nəşrin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri hazırda 100 mindən çox insanın yaşadığı Kramatorsk və Sloviansk da daxil olmaqla Donbassın təxminən 30%-nə nəzarət edir. Kiyev dəfələrlə bəyan edib ki, ərazi güzəştləri konstitusiyaya ziddir və Rusiya bütün regiona nəzarəti ələ keçirərək, bundan yeni işğal üçün tramplin kimi istifadə edəcək.
Dekabrın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqlarında “Donbassla bağlı vahid mövqeyə malik olmadığını” təsdiqləyib.
Avqustda o regionu tamamilə ələ keçirməsi üçün Rusiyaya təxminən dörd il lazım olacağını demişdi: "Ona görə də Amerikanın necə davranacağı vacibdir - vasitəçi kimi, yoxsa ruslara meyl edəcək?", Avropa rəsmisi bildirib. Deyib ki, Ukrayna da ABŞ-ın hansı təhlükəsizlik zəmanətlərini verməyə hazır olduğuna dair aydınlıq gözləyir.
Trampın sülh planının ilkin variantında Krımın və Donbassın de-fakto Rusiya əraziləri kimi tanınması, Zaporojye və Xerson vilayətlərinin təmas xətti boyunca demarkasiyası nəzərdə tutulurdu. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin işğal olunmamış hissəsindən geri çəkiləcək, onu neytral silahsızlaşdırılmış bufer zonası elan edərək Rusiyanın nəzarətinə verəcəkdi.
Cenevrədə ABŞ və Ukrayna arasında aparılan danışıqlardan sonra Kiyev ərazi güzəştlərini rədd edib. Plana düzəlişlər edilib və Rusiyaya təqdim olunub. Lakin bu, Donbassı təhvil verməklə yanaşı, ələ keçirilən ərazilərin beynəlxalq səviyyədə tanınmasını tələb edən Rusiya Prezidenti Vladimir Putini qane etməyib. Bazar günü Prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, sənədə ciddi etirazlar var. O qeyd edib ki, Ukrayna ilə bağlı müəyyən məsələlər amerikalılardan “sənədlərində köklü dəyişikliklər” etməyi tələb edir.
Dekabrın 4-də Putin Rusiyanın Donbassı “istənilən halda geri alacağını” bəyan edib. O əvvəllər Kiyevdən qoşunlarını bölgədən çıxarmağı tələb etmiş, onsuz müharibənin bitməyəcəyini vurğulamışdı.

“10 illik işğalı və 2022-ci ildəki genişmiqyaslı işğalından bəri tam ələ keçirə bilmədiyi Donbassın Rusiyaya təhvil verilməsi Ukrayna cəmiyyətində ixtilaf yarada bilər, bunun üçün belə bir ssenari "tamamilə qəbuledilməzdir", deyə ukraynalı analitik, Beynəlxalq İşlər Komitəsinin rəhbəri Oleksandr Merejko xəbərdarlıq edib. O hesab edir ki, Putin bunu başa düşür və buna görə də Ukraynada “daxili birliyi pozmaq” məqsədi ilə bu ideyanı təbliğ etməyə davam edir.
"Bu, Rusiyanın ərazisini genişləndirmək deyil, Ukraynanı daxildən məhv etmək cəhdidir", - Merejko vurğulayıb.
İki ukraynalı mənbənin “Axios”a verdiyi məlumata görə , Tramp administrasiyası Ukrayna lideri Zelenskiyə Amerika sülh planının bir hissəsi kimi ərazi güzəştlərinə tez razılıq verməsi üçün təzyiq edir. Onlar bildiriblər ki, danışıqlarda iki məsələ müzakirə olunub: Rusiyanın Donetsk vilayətinin işğal olunmamış hissəsinin təslim edilməsi tələbi və Ukraynanın gələcək Rusiya təcavüzünün qarşısını almaq üçün ABŞ-dan təhlükəsizlik zəmanəti tələbi.

Bu arada, “Axios” mənbələrindən birinə görə, sülh planının ərazi məsələləri və Zaporojye Atom Elektrik Stansiyasına (AES) nəzarətlə bağlı şərtləri ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerin Moskvada Putinlə beş saatlıq danışıqlarından sonra daha sərtləşib. Dekabrın 6-da Zelenski ilə telefon danışığı zamanı Uitkoff və Kuşner sülh planının son versiyasını irəli sürüblər.
“Belə görünürdü ki, ABŞ Rusiyanın müxtəlif yollarla bütün Donbassı ələ keçirmək istəyi ilə bizi satmağa çalışırdı və amerikalılar telefon danışığında Zelenskidən bunların hamısını qəbul etməsini istəyir”, - mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, Ukrayna lideri sənədi söhbətdən cəmi bir saat əvvəl aldığını və onunla tanış olmağa vaxtının olmadığını iddia edib.
“Axios”un ukraynalı mənbələri də ABŞ-ın Zelenskiyə “daha təsirli təzyiq” göstərmək üçün onu Avropa liderlərindən uzaqlaşdırmağa çalışdığı barədə fikir bildiriblər. Nəşrin mənbələrindən biri izah edib ki, Tramp administrasiyası Ukrayna Prezidentindən tez hərəkət etməyi tələb edərkən, avropalılar ehtiyatlı və səbirli olmağı məsləhət görürlər. Bu, getdikcə avropalıların sülh razılaşmasına maneəyə çevrildiyinə inanan Ağ Evi qıcıqlandırır.
Qeyd edək ki, dekabrın 8-də Zelenski Avropa liderləri ilə görüş keçirdi və bundan sonra o, Avropanın sülh yolu ilə nizamlanması təklifini ABŞ-a təqdim edəcəyini açıqlayıb. O həmçinin qeyd edib ki, onun heç bir ərazini verməyə haqqı yoxdur: "Rusiya şübhəsiz ki, ərazimizi almaqda israr edir. Biz əlbəttə ki, heç nə vermək istəmirik. Biz bunun uğrunda mübarizə aparırıq, siz bunu çox yaxşı bilirsiniz".