Tramp ABŞ-ın Venesuela ilə bəzi danışıqlarda olduğuna işarə etdi


ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro ilə bəzi danışıqlar apardığına eyham vurub.

Turkustan.az xəbər verir ki, Tramp həftəsonunu keçirdiyi Floridadan Vaşinqtona qayıtmaq üçün təyyarəyə minməzdən əvvəl hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Venesuela ilə bağlı hər hansı yeni inkişafın olub-olmadığını soruşduqda Tramp, "Xeyr, yoxdur" cavabını verib və əlavə edib: "Ola bilsin, Maduro ilə bəzi danışıqlarımız var və bunun necə nəticələnəcəyini görəcəyik. Onlar danışmaq istəyirlər".

Konqreslə Venesuela ilə bağlı “potensial variantları” müzakirə edib-etmədiyini soruşduqda Tramp, “Biz Konqresi işə cəlb etmək istəyirik” dedi.

Konqresə məlumat verməyi ABŞ Dövlət katibi Marko Rubioya həvalə etdiyini ifadə edən Tramp, "Onların razılığını almaq məcburiyyətində deyilik, amma məncə, onları məlumatlandırmaq yaxşı bir şeydir. Etmələrini istəmədiyim tək şey, ordu, CIA kimi qurumları riskə atacaq çox əhəmiyyətli və məxfi məlumatları sızdırmaqdır" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ