Pakistan: Nüvə imkanlarımız Ərəbistanla ortaq müdafiədə istifadə oluna bilər


Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsinin nüvə imkanlarının Səudiyyə Ərəbistanı ilə bu yaxınlarda imzalanmış strateji qarşılıqlı müdafiə sazişi çərçivəsində istifadə oluna biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Geo News-a verdiyi müsahibədə Asif, nüvə silahlarının bu müqavilə çərçivəsində istifadəsi ilə bağlı sualı cavablandırarkən deyib:
“Bizim malik olduğumuz imkanlar bu müqavilə çərçivəsində mütləq istifadə edilə bilər.”

Müqaviləyə digər ərəb ölkələrinin də qoşulma ehtimalına toxunan nazir əlavə edib:
“Hələlik qəti bir şey deyə bilmərəm, amma qapıların açıq olduğunu deməliyəm.”

O, müsəlman ölkələrinin öz bölgələrini və xalqlarını birgə müdafiə etməsinin “əsas hüquq” olduğunu vurğulayıb.

Xavaca Asif həmçinin qeyd edib ki, razılaşma heç bir ölkəyə qarşı yönəlməyib və sırf müdafiə xarakteri daşıyır. Onun sözlərinə görə, Pakistan və Səudiyyə Ərəbistanına qarşı potensial hücumlara birgə cavab veriləcək.

Əfqanıstanla bağlı məsələyə də toxunan nazir bildirib ki, bu ölkə ərazisindən Pakistana qarşı terror hücumları davam edir:
“Açıq şəkildə deyirəm, Əfqanıstan təhlükəli bir ölkədir.” – deyə o əlavə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif sentyabrın 17-də Ər-Riyadda “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar. Sazişin məqsədi iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirmək və istənilən hücuma qarşı birgə çəkindirmə qabiliyyətini artırmaqdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ