Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin bölgədə ekspansionist siyasət yürütdüyünü bəyan edib və bu təhdidə qarşı həm regional dövlətlərin, həm də beynəlxalq ictimaiyyətin birgə tədbirlər görməsinin vacibliyini vurğulayıb.
Turkustan.az xəbər verir ki, nazir Fidan bu fikirləri Misirin MBC Masr telekanalına verdiyi müsahibəsində səsləndirib. O, Yaxın Şərqdə baş verən son hadisələr və beynəlxalq reaksiyalarla bağlı bir sıra mühüm açıqlamalar verib.
Fidan, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Qətərin paytaxtı Dohada keçirdiyi Fövqəladə Birgə Zirvə toplantısında İsrailə qarşı mövqelərlə bağlı suala cavab verərək bunları bildirib:
“Düşünürəm ki, Dohadakı toplantı İsrailin yalnız Fələstinə deyil, başqa bir ərəb ölkəsinə hücumu fonunda baş tutdu. Bu toplantı İsrailin bölgədəki ekspansionist siyasətini açıq şəkildə göstərdi və onu beynəlxalq platformalarda sənədləşdirdi. Eyni zamanda, regional dövlətləri və beynəlxalq ictimaiyyəti bu təhdidə qarşı vahid mövqe sərgiləməyə çağırdı. Hesab edirəm ki, toplantının ən mühüm nəticəsi məhz budur.”
Fidanın bu açıqlaması Türkiyənin İsrailin regiondakı siyasətlərinə qarşı sərt və prinsipial mövqeyini bir daha ortaya qoyur. Ankara uzun müddətdir ki, Yaxın Şərqdə sabitliyin təmin olunması üçün beynəlxalq birlikdən daha təsirli və konkret addımlar atmağı tələb edir.
Aytən Yaşar/ Turkustan.az