Korrupsiya istintaqı çərçivəsində həbs edilən və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu bu dəfə saxta diplom ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
Turkustan.az xəbər verir ki, iddianamədə onun ali təhsil sənədini saxtalaşdırdığı iddia olunur və 8 il 9 aya qədər azadlıqdan məhrum edilmə cəzası tələb edilir.
İstanbul 59-cu Asliye Cəza Məhkəməsində Silivri məhkəmə zalında keçirilən dinləməyə İmamoğlu jandarm müşayiəti ilə gətirilib. Prosesdə CHP sədri Özgür Özəl, həyat yoldaşı Dilek Kaya İmamoğlu, oğlu Səlim İmamoğlu, atası Həsən İmamoğlu, çox sayda partiya üzvü və millət vəkili iştirak edib. Məhkəmə zalında "Ədalət, qanun, ədalət!" və "Prezident İmamoğlu!" kimi şüarlar səsləndirilib.
Şəxsiyyətin müəyyənləşdirilməsi zamanı İmamoğlu evli olduğunu, 3 övlad atası olduğunu və təhsil səviyyəsinin “magistr” olduğunu bildirib. Hakimin "Cinayətiniz varmı?" sualına isə "Şükür, yox" cavabını verib. Məlumata görə, İmamoğlunun aylıq gəliri 220 min TL (təxminən 9,060 Azərbaycan manatı) təşkil edir.
İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə qeyd olunur ki, İmamoğlunun təhsil aldığı Şimali Kiprdə yerləşən Universitet Kolleci (UCNC) Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən tanınan universitetlər siyahısında yer almır.
İddianamədə həmçinin vurğulanır ki, YÖK-ün 1988 və 1992-ci illərə aid sənədlərinə əsasən, o dövrdə Şimali Kiprdə yalnız Doğu Akdeniz Universiteti rəsmi şəkildə tanınıb.
Eyni zamanda, köçürmə (transfer) kvotalarının qanunsuz şəkildə artırıldığı, 3 nəfərlik kvotaya 54 tələbənin qəbul edildiyi, bəzi tələbələrin siyahıdan çıxarılaraq onların yerinə başqalarının yazıldığı iddia olunur.
Aytən Yaşar/ Turkustan.az