Artıq dünya əvvəlki qaydalarla yaşamaq istəmir. ABŞ-ın patronajlıq etdiyi təkqütblü dünya görünən odur ki, özünü doğrultmadı. ABŞ-da Donald Trampın yenidən hakimiyyətə qayıdışı ilə bu ölkə digər qitələrə marağını itirməyə başladı. Hətta Tramp adminstrasiyası ənənəvi müttəfiqi olan Avropaya belə əvvəlki tək maraq göstərmir.
İndi ABŞ üzünü yalnız Amerika qitəsinə çevirir. Trampın Meksika, Kanada, Panama qarşı təhdidləri, bu ölkələri özünə birləşdirmək istəyi, habelə Venesuela ilə gərginliyi pik həddə çatdırması belə düşünməyə əsas verir ki, onun diqqət mərkəzində olan bölgə yalnız Amerika qitəsidir.
Bu fonda getdikcə güclənməkdə olan Çinin şərqdə daha da gücləndiyinin şahidi oluruq. Pekin Mərkəzi, Cənub-Şərqi Asiya, Rusiyanın Uşaq Şərq bölgəsi, Afrika kimi bölgələrdə öz mövqeyini daim möhkəmləndirir. Özü də Çin öz nüfuzunu əsasən də başqa ölkələrə investisiya, maliyyə yatırmaqla əldə edir.
Digər güc mərkəzləri olan Avropa ilə Rusiyanın başları isə Ukrayna müharibəsinə qarışıb. Hansı ki, bu müharibədə hələlik tərəflərdən hər hansı biri qəti qələbə çala bilmir. Prosesin gedişi də belə deməyə əsas verir ki, müharibə hər iki tərəfi tükəndirəcək və belədə onlar nüfuz davasında əvvəlki təsir mövqelərini xeyli dərəcədə itirməli olacaqlar.
Hər halda görünən odur ki, dünyada yeni nüfuz bölgüsü qaçılmazdır.
Dünyada yeni nüfuz bölgüsü nələri dəyişəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, dünyada gedən yeni nüfuz bölgüsünün planetimizdə nələri dəyişəcəyi ilk növbədə beynəlxalq hüququn işlənməsi və həmin nüfuzun hansı nəticələrə gətirib çıxaracağından asılıdır:
“Yalnız bütün bunlar aydınlaşandan sonra yeni nüfuz bölgüsünün nələri dəyişəcəyi barədə konkret fikir yürütmək olar. Nüfuz bölgüsü investisiya qoyuluşu, əməkdaşlığın genişlənməsi üzərində gedəcəksə, bundan hər bir tərəf qazanacaq. Yox əgər, müharibələrin artması və ölkələrin siyasi müstəqilliyinin şübhə altına alınmasına doğru gedəcəksə, bu zərərli tendensiya olacaq”.
Deputat qeyd edir ki, nüfuz bölgüsü tarix boyu davam edib və bundan sonra da davam edəcək:
“Bu dünyada gedən bir prosesdir. Böyük güclər hər zaman öz nüfuzlarını qoruyub saxlamağa, təsir dairələrini genişləndirməyə çalışıblar. Əvvəllər bu proses müharibə, torpaqların işğalı yolu ilə gedirdisə, indi diplomatiya, investisiya qoyuluşu, ticarət yolu ilə aparılır. Nüfuz bölgüsünün beynəlxalq hüquq, diplomatiya yolu ilə aparılması dünya tərəfindən pis qəbul edilmir.
Əlbəttə ki, ticarət, əməkdaşlıq böyük güclərin nüfuz göstərdiyi ölkələrin maraqlarına uyğun gəlirsə, bunun hər hansı bir ziyanı yoxdur. Bu zaman investisiya qoyulan ölkədə həyat şəraiti yüksəlir. O başqa məsələ ki, xalq və dövlətlər böyük güclərin maraqlarının ifadəçisinə çevrilir. Bu zaman isə milli maraqlara ziddi olan addımlar da atıla bilər. Yəni pis olan nüfuz bölgüsünün hərbi yolla, qanunlara ziddi addımlarla həyata keçirilməsidir”.
Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir.
Həmsöhbətimiz deyir ki, bu prosesdə dövlətlərin əksəriyyəti müstəqil siyasət yürütməyə çalışır:
“Hansı ki, onlardan biri də Azərbaycandır. Azərbaycan heç bir böyük gücün maraqlarının təminatçısı deyil. Ölkəmiz öz milli maraqlarını hər şeydən üstün tutur”.