Türkiyə Netanyahunun qalmaqallı sözlərinə sərt reaksiya verdi


İsrailin baş naziri Benyamin Netanyahu proqramda 1915-ci il hadisələrini “soyqırım” kimi tanıdığını bildirib.

Turkustan.az xəbər verir ki, aparıcının israrlı suallarına "Düşünürəm ki, biz qərar verdik; Knesset qərar verdi. Mən şəxsən bunu deməyə hazıram... Bəli, mən dedim" deyə, cavab verən Netanyahunun açıqlamaları əks reaksiyaya səbəb olub.

Türkiyə Xarici İşlər Nazirliyi bu qalmaqallı açıqlama ilə bağlı sərt yazılı açıqlama verib. Bəyanatda, "Netanyahu Fələstin xalqına qarşı törədilən soyqırımdakı roluna görə mühakimə olunur. O, özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır. Tarixi və hüquqi faktlarla bir araya sığmayan bu bəyanatı qınayır və rədd edirik" ifadələri işlədilib. Nazirlik həmçinin Netanyahunun sözlərini “acılı keçmiş hadisələrdən siyasi məqsədlər üçün istifadə etmək cəhdi” kimi qiymətləndirib.

Erməni mediası “Mediamaks”ın direktoru Ara Tarevosyan Netanyahunun sözləri ilə bağlı məqaləsində yazıb və bildirib ki, bəyanatın heç bir rəsmi təsiri yoxdur. Tarevosyan yazıb ki, İsrail Türkiyə ilə münasibətləri gərginləşəndə ​​“erməni soyqırımı” məsələsini gündəmə gətirir. Məqalədə “Netanyahunun Qəzzada soyqırım törədən açıqlaması ironikdir” ifadəsi də yer alıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ